
“Laçın hava limanının tikintisində 10-dan çox şirkətimiz iştirak edib”.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.
"Biz Azərbaycanın Müstəqillik Günü ilə bağlı şənliklərdə iştirak etmək üçün Laçına səfərimizi yekunlaşdırdıq. 30 illik işğaldan sonra yenidən azadlığa qovuşmuş Qarabağı bir daha görməkdən məmnun olduq. Səfərimiz münasibətilə Laçın Hava Limanının açılışını Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə birlikdə qeyd etdik. Xatırlayırsınız ki, biz 2021-ci və 2022-ci illərdə qardaşım İlhamla birlikdə Füzuli və Zəngilan hava limanlarını da istifadəyə vermişik. Biz görürük ki, Azərbaycan işğaldan azad edildikdən sonra Qarabağın hər yerində öz inkişaf və yenidənqurma kampaniyasını bütün sürətlə davam etdirir. Ölkəmizdən bir çox şirkətlərin bu inkişaf səylərinə töhfə verməsi bizim üçün qürur mənbəyidir. Əslində Laçın Hava Limanının tikintisində 10-dan çox şirkətimiz iştirak edib”, - deyə siyasətçi vurğulayıb.
Ərdoğan qeyd edib ki, bundan əlavə biz həmçinin Pakistanın Baş naziri cənab Şahbaz Şərifin iştirakı ilə regional məsləhətləşmə mexanizminin ikinci sammitini keçirdik:
“Nümayəndə heyətimizdəki nazirlər də həmkarları ilə bir araya gələrək ümumi gündəliyimizdəki məsələləri müzakirə etdilər. Bildiyiniz kimi, bizim həm Azərbaycan, həm də Pakistanla bütün səviyyələrdə intensiv təmaslarımız və əməkdaşlığımız var. Bu yaxınlarda mən qardaşım İlham Əliyevlə Avropa Siyasi Birliyinin Sammitində və Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Sammit zamanı görüşdük. Ötən həftəsonu İstanbulda Pakistanın Baş naziri cənab Şahbaz Şərifi də qəbul etdik. Onlarla məsləhətləşmələrimiz zamanı biz ikitərəfli məsələlərlə yanaşı, regional hadisələr, xüsusilə də üç ölkə ilə bağlı fikir mübadiləsi apardıq”, - deyə siyasətçi bildirib.
Daşqın Həsənov
Missiya.Az