
Teatr rəssamı, rəngkar, Xalq rəssamı Tahir Tahirov 30 may 1948-ci ildə Bakıda dünyaya gəlib.
Missiya.Az xəbər verir ki, o, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirib.
O, müxtəlif vaxtlarda Akademik Milli Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında, Dövlət Rus Dram Teatrında bir çox tamaşaların bədii həllini verib. T. Tahirov bir müddət Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rəssam vəzifəsində çalışıb. Rəssam Opera və Balet Teatrının səhnəsində F.Əmirovun "Sevil", "Min bir gecə", "Nizami", C.Verdinin "Travita" operalarına, Donisettinin "Arlekinada", P.İ.Çaykovskinin "Romeo və Cülyetta", T.Bakıxanovun "Xəzər balladası", X.Mirzəzadənin "Ağ və Qara", Q.Qarayevin "Leyli və Məcnun", "Don Kixot" baletlərinin səhnə tərtibatının və geyim eskizlərinin müəllifidir.
Sənətkar bir çox dövlət əhəmiyyətli tədbirlərin quruluşçu rəssamı olub. Onların sırasında Qanlı Yanvar hadisələrinin ildönümü, M.Dilbazi, S.Vurğun, Ə.Əliyev, Füzuli, Prezidentin and içmə mərasimi və başqaları var.
30 may 2002-ci ildə əməkdar rəssam, 25 iyun 2013-cü ildə Zirvə mükafatına və 25 iyun 2013-cü ildə xalq rəssamı adına layiq görülüb. 5 mart 2018-ci ildə Sənətkar medalı alıb.
Zərintac Mayisqızı
Missiya.Az