AZ   |   RU
Hərbi attaşelər Naxçıvana səfər edib - VİDEO/FOTO

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvana səfəri təşkil edilib. 

Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, səfərdə 19 ölkəni təmsil edən hərbi attaşelik aparatlarının 35 nümayəndəsi iştirak edib. Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərə baxış keçirilib, zəngin dövlətçilik irsi barədə onlara məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-mayor Kənan Seyidov xarici dövlətlərin hərbi attaşeləri ilə görüşüb. Səfər iştirakçılarına ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı brifinq təqdim olunub, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb. Qonaqlar ƏÜO-nun Təlim və Tədris Mərkəzində olub, müxtəlif sinif otaqları, simulyasiya mərkəzi və trenajorlar zalı ziyarət edilib.

Hərbi attaşelər, həmçinin Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseyi ziyarət edib, xüsusi təyinatlı təhsil müəssisələrində aparılan islahatlar, mövcud hərbi təhsil sistemi, tədris və elmi fəaliyyət istiqamətləri ilə tanış olublar. Daha sonra qonaqlar Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinə aparılıb. Sonda hərbi attaşelərin tarixi-mədəniyyət abidələrinə ekskursiyası təşkil olunub.




  • Dünən, 10:20