
"İşğal illərində Laçın rayonun insanları çox əziyyət çəkib. O pis günlər indi arxada qalıb. Laçın rayonunda, həmçinin bütün Qarabağda yenidənqurma prosesi gedir”.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.
O bildirib ki, Laçın hava limanı rayonun inkişafının sürətləndirilməsi baxımından çox əhəmiyyətlidir.
“Turizm və ticarət imkanları bu beynəlxalq hava limanı ilə genişlənəcək. Beynəlxalq investorlar artıq regiona daxil olmaqda problem yaşamayacaqlar. Müharibə və işğalın izləri bu bölgədən tezliklə silinəcək. Qarabağda normallaşma prosesinin simvollarından biri olan bu addım həm də regionun sabitliyinə xidmət baxımından böyük əhəmiyyət kəsb edir. Hava limanı regionun nəqliyyat infrastrukturunu da başqa səviyyəyə qaldıracaq”, - deyə siyasətçi vurğulayıb.
Ərdoğan qeyd edib ki, bölgəni dünyaya birləşdirəcək bu hava limanı da Laçını və ətrafını firavan gələcəyə hazırlayacaq:
“Hava limanı təkcə yerləşdiyi regionun deyil, bütün Azərbaycanın potensialını, başqa sözlə, ölkə daxilini də hərəkətə gətirəcək. Bu infrastruktur sərmayələri həm də sülhə yol açacaq. Türkiyə və Azərbaycan olaraq müdafiə, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı inkişaf etdiririk. Biz Türkiyəni istehsal bazasına çevirmək üçün var gücümüzlə çalışırıq. İndi biz Azərbaycanla ərzaq təminatının təhlükəsizliyi ilə bağlı daha sıx əməkdaşlıq etmək istəyirik. İnanıram ki, bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatına üzv olan digər qardaş ölkələrimiz üçün də bir siqnal olacaq. Artıq tədarükümüz olan məhsullarda biz qardaş ölkələrə üstünlük verəcəyik. Birlikdə daha çox istehsal edib, daha çox paylaşaraq gələcəyə daha möhkəm addımlayacağıq”, - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az