AZ   |   RU
Azərbaycanın satirik şairi Mirzə Ələkbər Sabiri anırıq


Mayın 30-da böyük Azərbaycan şairi, bədii və ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 163-cü ildönümü tamam olur. 



Missiya.Az xəbər verir ki, Mirzə Ələkbər Sabir (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 1862-ci ildə Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən olan Şamaxıda anadan olub. 


M.Ə.Sabir 1887-ci ildə Şamaxıda yaxın qohumlarından olan Billurnisə adlı bir qızla ailə həyatı qurub. Bu nikahdan onun səkkiz qızı və bir oğlu dünyaya gəlib. Çoxuşaqlı bir ailənin başçısı kimi o, çətin, məşəqqətli ömür yaşayıb, hətta sabun bişirib satmağa məcbur olub. Şamaxıda 1902-ci ildə baş vermiş dəhşətli zəlzələnin M.Ə.Sabirin də ailəsini evsiz-eşiksiz qoyması onun ağır keçən həyatını daha da çətinləşdirib. Lakin heç bir məhrumiyyət Sabirin qürurunu sındıra bilməyib. XX əsrin əvvəllərindən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başlayır. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq uyğun bir dərgi kimi qarşılayıb onun ən fəal müəlliflərindən biri olur. Həmin vaxtdan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar zalım bəyləri, yaltaq ruhaniləri, satqın ziyalıları satira atəşinə tutur. Onlara hədə-qorxu gəlirlər. Bu səbəbdən şair imzasını tez-tez dəyişməli olur. “Molla Nəsrəddin” jurnalında şair 36 gizli imza ilə çıxış etmişdi. Sabirin seçilmiş əsərlərinin “Hophopnamə” adlandırılması “Hophop” imzası ilə əlaqədardır. 


Onun “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin” şeirləri vaxtilə çox məşhur idi. Sabir çox sevdiyi uşaqları da yaddan çıxarmamış, onlar üçün “Gəl, gəl a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və digər şeirlər yazmışdı. 1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir, “Zənbur” jurnalında, “Günəş” və “Həqiqət” qəzetlərində işləyir. Elə həmin ilin axırında xəstəliyi səbəbindən geriyə, Şamaxıya qayıdır. 


Böyük şair 1911-ci il iyulun 12-də vəfat edir. Məzarı Şamaxıda “Yeddi günbəz” qəbiristanındadır.


Zərintac Mayisqızı 
Missiya.Az 


  • Dünən, 10:02