b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_110956981_921361291696323_4949907817828661265_n.jpg

Hardasa oxumuşdum ki, həyat  avtomobil idarə etmək kimi bir şeydir – nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var.Həyatda heç birimiz heç nədən sığortalanmamışıq. Nə baş verə biləcək təbii fəlakətlərdən, nə epidemiya təhlükəsindən, nə də dünyamızı qana çalxalayan müharibələrdən. Dünya tarixinə nəzər yetirəndə görürük ki, bəşəriyyətin dinc, sakit yaşamı demək olar ki, olmayıb.Təlatümlü, keşməkeşli hadisələr insanla tarix boyu yol yoldaşı olub. İndi də belədir. Dünya qaynar qazan kimi qaynayır. Rəngli inqilablar kimlərinsə diktəsi ilə  ayrı-ayrı ölkələrdə bir-birini əvəzləyir. Həmin millət, xalq bu inqilabı istəyirmi, dəstəkləyirmi, bunda maraqlıdırmı, nəticəsindən xalqa bir fayda olacaqmı ?-fərqi yoxdur, əsas maraqlı qüvvələrin maraqlarının təminidir. Elə bu maraqlardır Yaxın Şərqi qan gölünə döndərən, milyonlarla insanları ev-eşiyindən didərgin salıb Avropa qapılarında  zavallı duruma salan. Vaxtı ilə dünyanın mədəniyyət, elm, intibah beşiyi olan Şərq dünyası azadlığı uğrunda can çəkişsə də, hələ ki, Qərbin maraqları ucbatından diz üstə çöküb. Qarabağ problemi illərdir ki, həllini tapmır. Son baş verənlər göstərdi ki, itirilmiş torpaqları ancaq savaş yolu ilə əldə edə bilərik.Başqa yolumuz yoxdur!

 2019-cu ilin dekabrından dünyanı cənginə alan koronavirus  pandemiyası-COVİD -19  da bir yandan insanları sınağa çəkir. Çinin Uhan vilayətindən dünyaya yayılan koronavirusun laboratoriya şəraitində hazırlandığı, ya təbii  yolla əmələ gəldiyi hələ ki, sual olaraq qalır. Bu gün bəlli olansa budur ki, dünyanın bütün dövlətləri bu virusun əlində aciz görünür. Süpergüc  dövlətlərin  iqtisadiyyatı  belə bu gözlənilməz bəlanın gətirdiyi çətinliklər qarşısında davam gətirməyərək çökür. Yoluxmanın sürətini azaltmaq məqsədilə istehsal sahələrinin dayandırılması dövlətlərə, ayrıca fərdlərə milyonlarla manat ziyan vurub və bu ağrılı proses nisbətən səngisə də, hələ ki, davam etməkdədir.

Maddi itkiləri zamanla bərpa etmək  mümkün olsa da, insan itkisinin yerini doldurmaq qeyri-mümkündür.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu günkü məlumatına görə dünya üzrə koronavirus pandemiyası qurbanlarının sayı yarım milyondan artıqdır. Dəhşətli statistikadır.  Bu elan olunmamış müharibədə  virusa qalib gəlməyin yeganə yolu  isə qüvvələri birləşdirməkdən keçir- həm ölkələr, həm də dünya daxilində.

Ötən ayların təcrübəsi göstərdi ki, virusla mübarizə aparmaq ön cəbhədə vuruşmaq qədər çətindir. Ona görə də bu pandemiya ilə mübarizə aparan insanların hamısı günümüzün qəhrəmanları adlandırılmağa layiqdirlər. Kimdir onlar?

Öz sağlamlıqlarını risk altına atıb,vaxt , növbə bilmədən  bizi qoruyanların ilk sırasında tibb işçilərimiz dayanır.Məhz onların fədəkar zəhməti sayəsində dünyada milyonlarla, Azərbaycanımızda minlərlə insan müalicə olunaraq ölümün cəngindən alındı. Başqasını xilası üçün öz  həyatını itirən həkimlərimiz  əsl  qəhrəmanlıq nümunəsi göstərdilər. Ruhları şad olsun... Onlar da   şəhiddir, xalqın sağlamlığını qorumaq naminə  həyatlarından keçdikləri üçün...

Bu çətin pandemiya şəraitində polis işçilərimizin üzərlərinə də çox ağır yük  düşdü.  Mart ayından bəri davam edən karantin şəraitində ölkə ərzasində sabitliyi, əmin-amanlığı qorumaqla, cinəyətkarlığın qarşısını almaqla  yanaşı, polislərimiz  həm də gecə- gündüz  postlarda növbə çəkərək vətəndaşların karantin rejiminə necə əməl etdiklərinə nəzarət etdilər. Təsəvvür edin ki, əgər bu sərt nəzarət olmasaydı, ölkədə necə xaos yaşanacaqdı,yoluxanların sayı nə qədər  çoxalacaqdı. Qanuni tələblərə əməl etmək istəməyənlər  karantin rejimini pozmaq üçün hansı vasitələrə əl atmadılar? Son 4 ay ərzində ölkə mətbuatını, sosial şəbəkələri  izləmək kifayətdir ki, minlərlə belə neqativ halların  qarşısını alan polislərimizin çətin və məsuliyyətli işini dəyərləndirə bilək. Bu çətin proses zamanı virusdan dünyasını dəyişən, üstünə maşın sürülən, zibil atılan polislərimiz- siz  günümüzün qəhrəmanlarısınız.Yayın istisində açıq gün altında növbə çəkən polisim, məni,xalqımı  qoruduğun üçün sənə təşəkkür düşür!

Xidmət sahələrində çalışanlar da sağlamlıqlarını risk altına qoyanlardır. Əhalinin ən çox hərəkət etdiyi əraziləri, nəqliyyat vasitələrini, iş yerlərimizi müntəzəm dezinfeksiya edənlər, ərzaq mağazalarında çalışanlar, nəqliyyat sektorunda işləyənlər – virus riski ilə üz-üzə  qalsanız da  cəmiyyətin xidmətində durdunuz və durursunuz!

Günün qəhrəmanlarını tanıdanların-jurnalistlərin karantin dövründəki fəaliyyətini dəyərləndirməmək mümkün deyil. Bu sahədə maarifləndirmə işinin əsas ağırlığı onların üzərinizə düşdü. İnsanlarımızın virusu yalan sayıb inanmadıqlarını görəndə infeksiya ocaqlarında, reanimasiya otaqlarında  birbaşa çəkilşlər edən, real durumu tamaşaçıya, oxucuya  olay yerindən  çatdıran həmkarlarımız-sağ olun! Ölkədə virusla bağlı maraqlı qüvvələrin apardığı anti-təbliğatın geniş vüsət aldığı dövrdə həqiqəti bütün çılpaqlığı ilə göstərməklə milyonları virusun varlığına, ölüm təhlükəsi saçdığına inandıran media işçilərinə təşəkkür düşür. Bu gün koronavirus qurbanları içərisində jurnalist həmkarlarımızın olması ürəkağrıdan faktdır.Ruhunuz şad olsun!

Təhsili olmayan xalqın gələcəyi də yoxdur. Koronavirus pandemiyası səbəbindən uşaq bağçaları, məktəblər,ali təhsil müəssisələri fəaliyyətini dayandırdıqda  təhsil işçilərimiz bu sahədə yaranan boşluğu doldurmaq üçün hərəkətə keçdilər. “Evdə qal,təhsildən qalma” devizi altında  ZOOM və MİCROSOFT TEAMS proqramları ilə onlayn dərslər keçirildi. Respublika Təhsil Nazirliyinin bilavasitə təşkilatçılığı ilə təcrübəli müəllimlər cəlb olundu,“Dərs saatı”yaradıldı, fənlərin virtual  tədrisi təşkil edildi, hazırlanmış dərslərin geniş auditoriyaya çatdırılması məqsədilə  TV kanallarda nümayişinə başlandı və bu proses bu gün də davam edir. Virtual məktəb layihəsinə münlərlə müəllim və valideyn qoşuldu, “Nar” müəllimlərə, şagird və tələbələrə internet dəstəyi göstərməklə xeyriyyəçilk missiyasını sübut etdi. Çalışdığım Lənkəran Dövlət Universitetinin timsalında deyə bilərəm ki, ali təhsil müəssisələri distant təhsilin inkişafı  istiqamətində çox sürətli sıçrayış etdilər. Mühazirə və seminarların, kollekviumların, semestr imtahanlarının onlayn formatda keçirilməsi buna sübutdur.

İdarəetmə düzgün olmayanda uğurlu nəticə əldə etmək mümkünsüzdür. Əgər bu gün Azərbaycan koronavirus pandemiyasına qarşı  mübarizə aparan ölkələr arasında öncül sırada durursa, bu dəhşətli bəladan nisbətən az itki ilə çıxa bilmişiksə,ilk növbədə   ölkə rəhbərinə, onun apardığı düzgün siyasətə, həmçinin xalqımıza “təbib” olmağı bacaran TƏBİB-ə minnətdar olmalıyıq. Ölkədə qısa zaman kəsiyində yeni modul  tipli xəstəxanaların inşası, mövcud tibb müəssisələrinin  operativ komplektləşdirilməsi öz müsbət  təsrini göstərdi. Cənub bölgəsində  koronavirus xəstələri üçün ayrılan Astara, Masallı, Cəlilabad rayon xəstəxanalarının   timsalında tibb işçilərimizin gecə-gündüz bilmədən necə gərgin çalışmalarının şahidiyəm.

TƏBİB –in uğurlarının bir səbəbi də sosial şəbəkələrlə sıx ünsiyyətidir. Sosial şəbəkə istifadəçiləri həm günümüzün qəhrəmanlarının tanıtımında, həm də  bu sahədə olan boşluqları, çatışmazlıqları göstərməkdə TƏBİB-ə yardımçı oldular.  Məhz sosial şəbəkə istifadəçilərinin paylaşımlarından sonra virusa yoluxmuş  xəstələr operativ aşkarlanaraq  vaxtında yardım edildi və bu iş  hazırda da davam etməkdədir.

Ölkəmizdə son həftədə virusa yoluxanların sayında müsbət dinamika müşahidə olunsa  da,  yoluxanların və xəstəlikdən ölənlərin olması göstərir ki, müharibə hələ bitməyib, davam edir. Deməli, günümüzün qəhrəmanları yenə də iş başındadırlar.

 Kim deyir ki, qəhrəmanlar təkcə torpaq uğrunda vuruşanlardır? Xeyr! Bu torpağın, bu xalqın, bu millətin övladlarının həyatı, rahat, sağlam yaşayışı, asayişi uğrunda çarpışanlar da qəhrəmandırlar. Vətən, xalq, Azərbaycan naminə çalışanlar-işiniz avand olsun.Biz sizlərlə qürur duyuruq!

Biz birlikdə güclüyük!

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Yazı “Nar”və TƏBİB-in birlikdə keçirdikləri “Günün qəhrəmanları”  müsabiqəsinə  təqdim olunur.

 

 

 

 



23 Sentyabr 2020 Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - RƏSMİ
23 Sentyabr 2020 Məktəb direktoru karantin qaydasını pozaraq özünə ad günü keçirib - VİDEO
22 Sentyabr 2020 DİN ​​​​​​​"Pikap"ların saxlanılmasının səbəbini açıqladı
19 Sentyabr 2020 Baş redaktor: “Gənclərimiz aktiv olmalıdır”
19 Sentyabr 2020 DTX qalmaqallı "rus siyahısı" barədə açıqlama yaydı - Təxribatdır
18 Sentyabr 2020 Ceyhun Bayramov BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsini qaldırıb
17 Sentyabr 2020 Şamaxıda kişi keçmiş arvadını mağazada bıçaqladı
15 Sentyabr 2020 Baş prokuror və deputat nümayəndə heyətlərinin rəhbərləri oldular
15 Sentyabr 2020 Azərbaycan və Türkiyə HHQ aviasiya vasitələri Naxçıvan şəhəri üzərində birgə uçuşlar edib
15 Sentyabr 2020 Samir Nuriyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri seçilib
14 Sentyabr 2020 Təşkilat sədri Namiq Muradov: “İnformasiya müharibəsi günümüzün ən güclü silahlarından biridir"
14 Sentyabr 2020 “Qarabağa köçürülən ermənilər Azərbaycana, Türkə “nifrət məktəbi” keçiblər”- Aqil Məmmədov
11 Sentyabr 2020 Tanınmış teleaparıcı ARB TV-də veriliş aparacaq - FOTO
09 Sentyabr 2020 Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatı informasiya müharibəsində mövzusunda konfrans keçirdi
09 Sentyabr 2020 Kəlbəcərin təbii sərvətlərinin talan edilməsi ilə bağlı AÇIQLAMA
09 Sentyabr 2020 Karantində qanunsuz arayış verən vəzifəli şəxsin məhkəməsi başlayır
08 Sentyabr 2020 Azərbaycanda tanınmış gitaraçı oğlu tərəfindən qətlə yetirilib
07 Sentyabr 2020 Şagirdlər məktəbə neçə gün gedəcək? - RƏSMİ QAYDADA AÇIQLANDI
07 Sentyabr 2020 Azərbaycanda ali təhsillə bağlı yeni qanun layihəsi hazırlanacaq
04 Sentyabr 2020 Azərbaycanda dəmir yollarında gediş haqları təmassız olacaq