
Rusiyada diaspor təşkilatları ilə əlaqəsi olan azərbaycanlı iş adamlarının həbsii davam edir.
Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu dəfə dörd azərbaycanlı sahibkar Leninqrad vilayətində yerli polis rəhbərliyinə rüşvət verməkdə ittiham edilərək həbs edilib.
Rusiya mətbuatının verdiyi məlumata görə, əməliyyat Leninqrad vilayətinin Vsevolojsk rayonunun 128-ci polis bölməsinin rəisi, polkovnik-leytenant Sergey Korotkovun həbsi ilə başlayıb. Ötən həftə o, FSB xüsusi təyinatlıları tərəfindən saxlanılıb.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, polis rəisi azərbaycanlı sahibkarlardan “qanunsuz biznes fəaliyyətlərinə göz yummaq müqabilində” azı 3,7 milyon rubl rüşvət almaqda ittiham olunur. Həmin rayonun 87-ci polis bölməsinin rəisi, polkovnik Roman Kamerzanov və 97-ci polis bölməsinin rəisi Aleksey Peremibeda da həbs edilib.
İstintaq hesab edir ki, onlar Leninqrad vilayətində “qanunsuz biznes fəaliyyəti” ilə məşğul olan iş adamlarından rüşvət alıblar.
Məlumata görə, azərbaycanlı sahibkarlar “qaçaqmalçılıq və tütün məhsulları satmaqda, habelə qanunsuz miqrantları işə cəlb etməkdə” ittiham olunurlar.
Saxlanılan azərbaycanlı iş adamları Vüsal Orucov, İbadət İsmayılov, Asif Allahverdiyev və Ərəstun Talıbov saxlanılan hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verməkdə ittiham olunurlar. Saxlanılan şəxslər barəsində sentyabrın 9-dək həbs qətimkan tədbiri seçilib.
Saxlanılan Asif Allahverdiyev ittihamlara etiraz edir. "Mən ümumiyyətlə bura necə düşdüyümü başa düşə bilmirəm. Və vəziyyəti də anlamıram", - A.Allahverdiyev prosesdə deyib.
Onun sözlərinə görə, yalnız şəriki olan Orucovu tanıyır.
Ekspert icmasının fikrincə, bu həbsləri Rusiya ilə Azərbaycan arasında münasibətlərdəki gərgin vəziyyət kontekstində Azərbaycan diasporuna sistemli təzyiqin təzahürü kimi qiymətləndirmək olar.
Elcan
Missiya Az