Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının, YAP Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş məfkurəsi: konstitusion quruluşdan suverenlik zirvəsinə” mövzusunda konfrans keçirilib.
Missiya.Az xəbər verir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin büstü önünə əklil və gül dəstələri qoyulub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Çıxışında YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə tədbir iştirakçılarını qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. O bildirib ki, 1993-cü ilin 15 iyununda Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni mərhələ başlayıb. O, Heydər Əliyevin Azərbaycanı bütün çətinliklərdən xilas edərək ölkəmizin inkişaf yoluna qədəm qoyması, mühüm siyasi və iqtisadi islahatların həyata keçirilməsindəki misilsiz töhfələrindən bəhs edib.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov isə söyləyib ki, Milli Qurtuluş Günü tariximizdə müstəsna yer tutur. Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas edib. Heydər Əliyevin tarixi qayıdışından sonra respublikada bütün sahələrdə dirçəliş baş verib, müstəqil dövlətimizin yeni konstitusiyası qəbul olunub. Bu gün isə Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan beynəlxalq müstəvidə güclü, qüdrətli dövlətə çevrilib.
Türk Ağsaqqalları İctimai Birliyinin(TAİB) sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyif İmamverdiyev çıxışında bildirib ki, 1993-cü il iyunun 15-i xalqımızın yaddaşına qurtuluş tarixi kimi yazılıb. Sözügedən şanlı tarixi yaradan isə Ulu Öndər Heydər Əliyevdir. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir.
YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov da çıxışında 15 iyun - Milli Qurtuluş Gününün tariximizdəki rolundan danışaraq müstəqil Azərbaycanın qurulması və inkişafında Ümummilli liderin misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, Ulu Öndərimiz çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaradıb və Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter almasına nail olub.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim olunub, yubiley yaşında olan partiyanın Nizami rayon təşkilatının ərazi partiya təşkilat sədrləri və veteranları təltif edilib, YAP Nizami rayon təşkilatının könüllülük layihəsinin məzunlarına sertifikatlar verilib.
Zərintac Mayisqızı