|
![]() |
Ermənistanda İkinci Qarabağ Müharibəsindən sonra başlayan hökumət böhranı daha da dərinləşir. İrəvanda təşkil olunan etiraz aksiyaları vasitəsi ilə baş nazir Nikol Paşinyanı istefaya göndərə bilməyən Ermənistan cəmiyyəti, indi də ümidini sosial şəbəkəyə bağlayıb.
Missiya.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın sosial şəbəkə istifadəçiləri Nikol Paşinyanı istefaya göndərmək üçün petisiya toplamağa başlayıb.
Paşinyanın istefası üçün start verilən kampaniya “change.org” saytında keçirilir. Sosial şəbəkə istifadəçilərindən xahiş edilir ki, Paşinyan milli maraqları satdığı və cəmiyyəti parçaladığı üçün onun istefasına səs verilsin.
Saytda Paşinyanla bağlı bu sözlər qeyd olunub: “Siz öz xalqınızın gələcəyi ilə bağlı çox böyük günah etdiniz. Öz üzərinizə məsuliyyət götürüb getmək istəmirsiniz. Siz xalqın şərəfini və qalibiyyətini alçaltdınız, igidliklərini tapdaladınız. Sizin adınız indi namussuzluqla bağlıdır. Siz sındırılmış ümidlərin simvolusunuz. Siz artıq nə lider, nə də siyasətçi deyilsiniz”.
Petisiyanı hazırlayanlar Paşinyanın istefasından sonra cəmiyyətin birləşməyinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, noyabrın 10-da Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalanıb. Müharibə Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Ermənistan müharibəni uduzduğunu qəbul etdikdən sonra İrəvanda kütləvi aksiyalara start verildi. Aksiya iştirakçıları Paşinyanın istefasını tələb edir. Paşinyan istefa verməyəcəyini bəyan edib.
Elvin
Missiya.Az