
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi və Çin Mülki Aviasiya Administrasiyası (CAAC) arasında mülki aviasiyanın müxtəlif sahələrində, o cümlədən hava əlaqəsinin inkişafı, mülki aviasiya infrastrukturu, dayanıqlı aviasiya, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi sahələrində əməkdaşlığı nəzərdə tutan sənəd imzalanıb.
Missiya.Az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, sənədə nazir müavini Elmin Məmmədovun CAAC-nin Baş direktorunun müavini Han Junun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə imza atılıb. Görüş zamanı iki ölkə arasında mülki aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Tərəflər arasında hava əlaqəsinin inkişafı, təcrübə mübadiləsi məqsədilə nəzarət tədbirləri çərçivəsində aparılan yoxlamalarda birgə iştirak, təlimlərin təşkil edilməsi və mülki aviasiya infrastrukturunun inkişafında əməkdaşlığın vacibliyi vurğulanıb.
Bu, Prezident İlham Əliyev və Çin Sədri Si Cinpinin bu il aprelin 23-də imzaladığı "Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dan sonra dövlət qurumları arasında keçirilmiş ilk görüşdür.

