AZ   |   RU
Abbas Səhhətin anım günüdür


Bu gün şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi Abbas Səhhətin anım günüdür.

Missiya.Az 
xəbər verir ki, şair 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlib.


O, 1894-cü ildə İrana gedərək Məşhəd və Tehran şəhərlərində tibb təhsili alıb. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşıb və müəllim kimi çalışıb. Məhz həmin dövrdən etibarən ədəbi fəaliyyətə başlayıb. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap edilib. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görüb. "Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olmuş ədibimiz professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulub. Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edib. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və s.), alman şair və yazıçılarının əsərləri ilə tanış edib. 1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görüb. Bir qədər sonra "Əhmədin şücaəti" adlı poeması, 1916-cı ildə isə "Şair, şeir pərisi və şəhərli" adında romantik poeması çap edilib.


Abbas Səhhətin yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri olub. O, türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanıb, xüsusilə Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərib.


Böyük dramaturq 11 iyul 1918-ci ildə vəfat edib.




Zərintac Mayisqızı
Missiya.Az







  • Bu gün, 10:05