fffffffgggggfffdfdg.jpg

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyasının milli maraqlara və müasir çağırışlara müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycanın Ermənistan qarşısında aşkar diplomatik üstünlüyünü təmin edib. Son bir neçə gün ərzində baş verənlərin fonunda bu reallıq bir daha öz təsdiqini tapdı. Söhbət  “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin prinsipial mövqe nümayiş etdirərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmasından, Ermənistanın işğalçı siyasətinin mahiyyətini konkret faktlar əsasında ifşa etməsindən gedir.

“VALDAY”DA AZƏRBAYCAN NİDASI: QARABAĞ AZƏRBAYCANDIR!

Əvvəlcə, “Valday”dan Ermənistana, ermənipərəst dairələrə verilən mühüm siyasi ismarıclardan başlayaq. Dövlətimizin başçısının bəhs olunan toplantıda iştirakı, regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik məsələləri ilə əlaqədar xüsusi əhəmiyyətə malik olan fikirləri olduqca maraqla qarşılandı, Prezidentin nitqi mühüm siyasi ismarıclarla yadda qaldı. Xüsusilə də, Azərbaycanın lideri Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”,-deyə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bu, Azərbaycanın qətiyyətli mövqeyinin ən yüksək səviyyədə daha bir ifadəsi, prinsipial siyasətin qəti nümayişi idi.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirinə, onun sərsəm bəyanatlarına tutarlı cavab verdi. Tarixi faktların təsdiq etdiyi kimi, SSRİ dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Çox hallarda bununla bağlı ifadə edilən fikirlər subyektiv mülahizələrdən ibarət olmaqla qeyri-obyektiv xarakter daşıyır, reallığı əks etdirmir. Gerçəklik isə budur ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması göstərilmişdi, yəni ermənilərin bu qərarın Dağlıq Qarabağı kiməsə ötürmək üçün verildiyi iddiası doğru deyil - tamamilə yanlışdır. Başqa bir mühüm məqam ondan ibarətdir ki, Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində münaqişə başlayan vaxta qədər azərbaycanlı və erməni əhalinin nisbəti 75-25 faiz olaraq azərbaycanlıların lehinə idi. Məhz Qarabağ münaqişəsi nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun bütün azərbaycanlı əhalisi qovulub. Yəni azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib, hazırda da işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur. Həmin ərazilərin böyük hissəsinin yandırılmış torpaqlardan, dağıdılmış evlərdən, məktəblər və ictimai obyektlərdən ibarət olması aşkar reallıq kimi ortadadır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın humanitar fəlakətlə üzləşməsinə səbəb olub. Belə ki, Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardan 700 mindən çox, həmçinin Ermənistan ərazisində yaşayan 250 min azərbaycanlı öz tarixi torpaqlarından qovulub. Bununla yanaşı, son vaxtlar bu ölkənin baş naziri mütəmadi olaraq “münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağın “xalq”ı üçün məqbul olmalıdır”, - deyə fikir bildirir. Bu, tarixi və hüquqi reallıqların təhrif olunması ilə yanaşı, absurd yanaşmadan başqa bir şey deyil. Çünki Prezident İlham Əliyevin də bəyan etdiyi kimi “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Dağlıq Qarabağın münaqişədən əvvəl bərabər hüquqa malik olan azərbaycanlı və ermənilərdən ibarət əhalisi var idi.

Bütün bu gerçəkliklərin “Valday” Beynəlxalq Diskussiya Klubunda geniş ictimaiyyətin nəzərinə çatdırılması mühüm əhəmiyyətə malikdir.

ERMƏNİSTANIN FAŞİZM İDEOLOGİYASINDAN QİDALANMASI VƏ TERRORÇU MAHİYYƏTİ KONKRET FAKTLAR ƏSASINDA BEYNƏLXALQ İCTİMAİYYƏTİN DİQQƏTİNƏ ÇATDIRILDI

Ermənistana daha bir diplomatik zərbə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında endirildi. Dövlətimizin başçısı Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyulmasını ciddi tənqid etdi, ən əsası, Ermənistanın baş nazirinin iddialarını darmadağın edərək N.Paşinyanı yerində oturtdu. Dövlət başçısı MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını bildirdi. Beləliklə, Ermənistanın faşist ideologiyasından qidalanmasını və terrorçu mahiyyətini əks etdirən konkret faktlar, tarixi reallıqlar ortaya qoyuldu.

Məlumdur ki, Qaregin Njde ləqəbini daşıyan Qaregin Ter-Arutyunyan İkinci Dünya müharibəsində faşizmin qulluqçusu olub. Daha dəqiq desək, Adolf Hitlerin casus şəbəkəsində yer alan bu şəxs təxribat-terror aktları törədilməsi üçün agentura məlumatları toplayan gizli nasist qismində çıxış edib. “Njde” təxəllüslü casusun şüarı reallığı tam dəqiq və aydın əks etdirir: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Əlbəttə, bu reallıqlar Ermənistan dövlətinin, bu ölkəyə rəhbərlik edənlərin, erməni millətçilərinin terrorçu mahiyyətini, faşizm ideologiyasından qidalanmasını tam dəqiq əks etdirir.

HÜCUM DİPLOMATİYASININ QANUNAUYĞUN NƏTİCƏSİ...

Bütün bu reallıqlar öz növbəsində növbəti dəfə bir sıra strateji nüanslardan xəbər verir. Beləliklə:

- Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar reallıqları bütün kürsülərdə, beynəlxalq tribunalarda dünya ictimaiyyətinin diqqətinə çatdırır, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir;

- Digər istiqamətlərdə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində də ölkə rəhbərliyinin qətiyyətli mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb;

- Azərbaycanın qətiyyətli mövqeyinin, hücum diplomatiyasının fonunda qlobal platformalarda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyi bəyan edilir. Yəni Azərbaycanın ədalətli və haqlı mövqeyi dəstəklənir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin əyani ifadəsidir.

Nəticə etibarilə, Azərbaycan Prezidentinin diplomatik zərbəsi Ermənistanın baş nazirini “siyasi nokaut”a saldı. Bütün bunlar əminliklə söyləməyə imkan verir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, tarixi ədalət öz yerini tapacaq!

Nurlan QƏLƏNDƏRLİ

20 Noyabr 2019 Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar
20 Noyabr 2019 Yeni Azərbaycan Partiyası niyə və necə yarandı? - Əli Həsənovun yazısı
20 Noyabr 2019 Təhsil naziri Ceyhun Bayramovdan yeni TƏYİNAT
20 Noyabr 2019 Səfirimizin gözü qarşısında Qarabağı Ermənistana “birləşdirdilər” – Diplomatiyamızın Ukraynadakı fiaskosu
20 Noyabr 2019 Prezidentdən yaşlı qadına böyük jest - VİDEO
18 Noyabr 2019 Bakı limanında ölüm - Qadın qəfil dünyasını dəyişdi
16 Noyabr 2019 Azərbaycanda bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - Baş nazirdən qərar
15 Noyabr 2019 Qaz sayğacları ilə bağlı MÜHÜM AÇIQLAMA
15 Noyabr 2019 Vilayət Eyvazov İnterpola rəis TƏYİN ETDİ
13 Noyabr 2019 Oqtay Əsədovdan deputatlara - XƏBƏRDARLIQ
12 Noyabr 2019 Prezidentdən 5 icra başçına xəbərdarlıq: "Əgər bunu etsəniz cəzanızı alacaqsınız"
12 Noyabr 2019 Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO
11 Noyabr 2019 Ülvi Qılıncdan ŞOK sözlər: "Öləcəyim günü və necə öləcəyimi bilirəm" - VİDEO
11 Noyabr 2019 Qazaxda toy karvanında silahdan atəş açıldı - VİDEO
09 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
09 Noyabr 2019 Mehriban Əliyevadan Bayraq Günü paylaşımı - VİDEO
09 Noyabr 2019 Azərbaycanda Dövlət Bayrağı günüdür
08 Noyabr 2019 Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırıblar
08 Noyabr 2019 Bakıda 8-ci sinif şagirdinin başı kəsilib? - POLİSDƏN AÇIQLAMA
08 Noyabr 2019 “Yeni Müsavat” 30 yaşında - YUBİLEY REPORTAJI