Gələn ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 30 milyard manat səviyyəsinədək və ya ÜDM-in 23 %-inə çatacağı
proqnozlaşdırılır.
Missiya.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliynin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Həmin dövrdə xarici dövlət borcunun 9 milyard manat və ya ÜDM-in 7 %-i həcmində, daxili dövlət borcunun isə 21 milyard manat və ya ÜDM-in 16 %-i həcmində olacağı gözlənilir.
Ortamüddətli (2025-2028-ci illər) dövrün sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 33,8 milyard manat səviyyəsinə çatacağı, ÜDM-in 23 %-dən aşağı olacağı gözlənilir.
Xatırladaq ki, Azərbaycanın xarici dövlət borcu bu il iyulun 1-nə 5 milyard 361,3 milyon ABŞ dolları təşkil edib. Xarici dövlət borcunun 64,2 %-i çoxtərəfli maliyyə institutları üzrə, 25,9 %-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 9,9 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb. Borcun 25,9 %-i avrobondlar üzrə, 35 %-i Asiya İnkişaf Bankı üzrə, 16,7 %-i Dünya Bankı üzrə, 22,4 %-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklər olub.
Azərbaycanın 16 milyard 571,9 milyon manat təşkil etmiş daxili dövlət borcunun 7 milyard 280,7 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 291,2 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.
Hesabat tarixinə dövlət qiymətli kağızlarının 19,5 %-i 1 illik, 67 %-i 2 və 3 illik, 13,5%-i isə 5 il və daha artıq müddətli olub.