AZ   |   RU
Bu gün Nəcəf bəy Vəzirovun anım günüdür

Yazıçı və dramaturq Nəcəf bəy Fətəli oğlu Vəzirovun anım günüdür.

Missiya.Az 
xəbər verir ki, yazıçının doğum tarixi ilə bağlı müxtəlif məlumatlar mövcuddur.


Aparılan araşdırmalarda 2 aprel 1854 və 11 aprel 1854 tarixlərinə rast gəlinir. Bəzi mənbələrdə həmin tarix 15 fevral və 17 fevral olaraq da qeyd edilib. Vəzirovun doğum ili bağlı da Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan arxiv sənədlərində fərqli tarixlər mövcuddur. Arxivdə saxlanılan pasport və üzvlük qeydlərində Vəzirovun doğum tarixi 1859 kimi yazılıb. Azərbaycan SSR Xalq Komissarlığı tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində isə 1856-cı il tarixi qeyd olunub. 1913-cü ildə "Səfa" cəmiyyəti tərəfindən Vəzirovun şərəfinə təşkil olunmuş 40 illik yubiley mərasimində isə 1854 tarixi göstərilib. Bütün bu fərqli tarixlərə baxmayaraq, müəllif özü 1913-cü ildə qələmə aldığı "Tərcümeyi-halım" əsərində doğum tarixini 1854 kimi qeyd edib.


Nəcəf bəy Azərbaycanın Şuşa şəhərində Fətəli bəyin ailəsində dünyaya göz açıb.


Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya-estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu var. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən dramaturq ədəbiyyatımızda faciə janrının əsasını qoyub, Azərbaycanda feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak edib. Moskvadan müəllimi Həsən bəy Zərdabi ilə məktublaşan, təzəcə işıq üzü görən "Əkinçi"yə publisist məqalələr göndərən tələbə Vəzirov "Ev tərbiyəsinin bir şəkli" (1875), "Gəmi lövbərsiz olmaz" (1876) məzhəkələri ilə dramaturji yaradıcılığa başlayıb. Bakı neft sənayesindən, milli burjuaziyanın təşəkkülündən bəhs edən ilk pyes "Pəhlivanani zəmanə" (1898–1900) də Nəcəf bəy Vəzirova məxsusdur. 1917-ci ildə Rusiyada baş vermiş inqilabın ardınca Sovet rejimi hakimiyyəti qurulduqdan sonra, Nəcəf bəy Vəzirov Sovet Xalq Torpaq Komissarlığının Meşə İdarəsində müfəttiş vəzifəsinə təyin olunub.


O, sözügedən vəzifəni ömrünün sonuna qədər icra edib, paralel olaraq teatr və tərcümə işləri ilə məşğul olmağa davam edib. Ömrünün son günlərində, həkimlərin "daha işləməməlisən" xəbərdarlığına baxmayaraq, tələbələri ilə birlikdə Şamaxının Çuxuryurd kəndinə səfərə çıxıb. O, 1926-cı il iyulun 9-da elə orada ürək çatışmazlığından vəfat edib.





Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 10:02