AZ   |   RU
“Qarabağda görülən işlər Dövlətimizin yüksək iqtisadi potensialını tərənnüm edir” – Ramin Əhmədov


 “Dünənki şərəfli tarix həm də başqa qürurverici anlarla yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ermənilərin işğal dövründə yerlə bir etdiyi Ağdamda 4 kəndin təməlini qoydu”.

Missiya.Az
 xəbər verir ki, bu sözləri Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov öz “facebook” hesabında yazıb.

"Əlbəttə, bu, Ağdamın bərpasına yönəlik ilk layihələr deyil. Xatırlayırsınızsa, Ağdamın Baş Planı 2021-ci ildə məhz 28 may tarixində ictimaiyyətə təqdim olunmuşdu. Bu günə qədər Ağdamda 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağaclar əkilib. Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməli qoyulub. Eləcə də Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyaları işə salınıb. “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib”, - deyə Ramin Əhmədov vurğulayıb.

TAİB təsisçisi onu da əlavə edib ki, Ağdamın bərpası istiqamətində işlər sürətlə davam edir və çox keçməyəcək ki, burada Dövlətimizin iqtisadi potensialını tərənnüm edən mənzərə göz oxşayacaq:

“Əziz dostlar, bir vacib məqama da diqqət etmək lazımdır. Qarabağda quruculuq və bərpa işləri paralel olaraq bütün rayonlarda aparılır. Məsələn, Ağdamda görülən işlər Qarabağın digər ərazilərindəki layihələrin icrasına mane olmur. Bir tərəfdən tikinti işləri, nəhəng infrastruktur layihələri həyata keçirilir, bir tərəfdən də soydaşlarımız öz dədə-baba yurdlarına köçürülür. Qarabağa səfər edən digər ölkələrin prezidentlərinin görülən işlərə necə heyranlıqla tamaşa etdiklərini hamımız görürük. Onlar da anlayırlar ki, bütün bunlar hər dövlətin öhdəsindən gələ biləcəyi işlər deyil. Bəlkə kimlər üçünsə fantastik, inanılmaz görünür Qarabağdakı işlər. Fakt odur ki, Qarabağın günbəgün dirçəlməsi, nəfəs almağa, canlanmağa başlaması Azərbaycanın yaratdığı həqiqətlər sırasındadır. Bütün bu işlər İlham Əliyev fenomeninin xalqımıza bəxş etdiyi bəxtəvərlikdir. Əziz dostlar, bənzəri olmayan ölkəmiz, bənzəri olmayan zəfərimiz, davamlı uğurlarımız və əlbəttə ki, bənzəri olmayan LİDERİMİZ var. Gəlin, uğurlarımızın qədrini bilək.Bu uğurlara kölgə salınmasına imkan verməyək. İlham Əliyev bu gün Ağdamda, Şuşada və Qarabağın digər ərazilərində atdığı təməl daşları ilə Azərbaycanın daha təminatlı gələcəyini qurur. Öz dəstəyimizlə onun qoluna qüvvət olaq, sözümüzlə, işimizlə onun gücünə güc qataq!”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 29-05-2024, 12:05