AZ   |   RU
Azərbaycanla ATƏT PA arasında əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ilə görüşüb.


Xarici İşlər Nazirliyindən Missiya.Az-a verilən məlumata görə, görüşdə ATƏT Parlament Assambleyası çərçivəsində Azərbaycanla əməkdaşlıq perspektivləri və gündəlikdə duran əsas məsələlər, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə ATƏT Parlament Assambleyasının mümkün töhfələri ətrafında müzakirələr aparılıb.

Parlamentlərarası dialoqun, qarşılıqlı səfərlərin və ATƏT PA çərçivəsində görüşlərin əhəmiyyəti qeyd olunub.

Görüşdə C.Bayramov bu gün bölgədə yaranmış yeni reallıqlardan söz açıb, Azərbaycanın Qarabağ bölgəsində anti-terror tədbirlərinə gətirən səbəblər barədə məlumat verib.

Görüşdə həmçinin, sülh sazişinin imzalanması ilə bağlı Azərbaycan və Ermənistan arasında normallaşmaya dair ölkəmizin mövqeyi diqqətə çatdırılıb, Ermənistanın bu cür səylərə zərbə vuran addımları və hərbi-siyasi təxribatları diqqətə çatdırılıb.

C.Bayramov Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq, bölgədə sülh və sabitliyin bərqərar olunmasına ölkəmizin sadiqliyini bir daha vurğulayıb.

Ermənistanın törətdiyi mina təhdidləri barədə geniş məlumat verilib.

ATƏT PA-nın iki ölkənin nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola biləcəyi bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



  • 30-11-2023, 22:45