Gürcüstan parlamentinin deputatları birinci oxunuşda müxalifətçi deputat Teona Akubardiyanın respublikada faşizm üzərində Qələbə Gününün mayın 9-dan 8-nə keçirilməsi ilə bağlı qanunvericilik təşəbbüsünü dəstəkləməyiblər.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, səsvermənin nəticələrinə görə, Əmək Məcəlləsinə dəyişikliklərin lehinə 20 deputat, əleyhinə 4 deputat səs verib. Dəyişikliklərin qəbulu üçün 76 deputatın razılığı lazım olub.
Akubardiya təşəbbüsünə haqq qazandıraraq deyib ki, faşizm üzərində Qələbə gününü Rusiya ilə deyil, Avropa ilə eyni gündə qeyd etmək lazımdır. Onun sözlərinə görə, qanun layihəsində veteranlara və digər şəxslərə mayın 9-da bayram keçirməyi və bu gün xatirə abidələrini ziyarət etməyi qadağan etmir, amma rəsmi istirahət günü 8-i olmalıdır. Qanun layihəsi siyasi “İslahatçılar Qrupu”nu təmsil edən Akubardiya, eləcə də müstəqil müxalifət deputatı Armaz Axvledianinin birgə təşəbbüsü ilə hazırlanıb.
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının deputatları qanun layihəsinin 9 may bayramını qeyd etməyə alışmış cəmiyyəti parçalamağa xidmət edəcəyini bildirərək, onu tənqid ediblər. Deputatların fikrincə, Qələbə Gününün 9 Mayda rəsmi qeyd olunmağa davam etməsini müzakirə etmək absurddur.