
"Son zamanlar uşaqlar arasında yayılan yeni virus qusma və ishal, eləcə də, yüksək hərarət ilə özünü göstərir".
Bu barədə Missiya.Az-a danışan pediatr Aytən İsmayılzadə bildirib ki, uşağın nə qədər immuniteti zəif və çəkisi azdırsa, infeksiyanın toksik şok əlamətləri bir o qədər ağır olur.
Su balansının bədəndə pozulmasının həyati funksiyaların zəifləməsinə gətirib çıxardığını qeyd edən A.İsmayılzadə ilkin mərhələ üçün bəzi müdaxilələrin vacibliyini vurğulayıb:
"Yaxşı olardı ki, ilk mərhələdə xəstəyə tez müdaxilə edilsin. Çünki, susuzlaşmanın 4 dərəcəsi var və ilk gündən artıq qusma və yaxud ishal varsa, həkim nəzarəti və təyinatı ilə maye az-az verilməlidir. Lazım gələrsə də, venadaxili infuziyalar tətbiq edilməlidir."
Onun sözlərinə görə, valideynlər çox vaxt ilk çöpçülərə üz tuturlar və lazımi tədbirləri vaxtında görə bilmirlər. Bu halda dərhal antibiotik təyinatı lazım deyil, çünki antibiotik də burada immuniteti zəiflədir və virusa təsir etmir.
"Əsasən simptomatik müalicənin aparılması üçün bunlar nəzərdə tutulur: Hərarət salmaq, ümumi vəziyyəti stabilləşdirmək, itirilən mayenin bərpası və uşağı qidalandırmamağa çalışmaq lazımdır. Adətən, uşaq qidadan imtina etdikcə valideyn onu qidalandırmağa çalışır və nəticədə yenidən qusma halları özünü göstərir. Bu prosesin təkrarlanması da bədən suyunun itkisinə səbəb olur. Ona görə də, 1-ci gün aclığın müalicəvi effektini burada qeyd etmək lazımdır."-pediatr əlavə edib.
İlahə Qənbərli
Missiya.Az