AZ   |   RU
“Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı günü səbirsizliklə gözləyir” - Politoloq

“Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtona səfər edəcəyi və Ağ Ev sahibi Donald Trampla saziş imzalayacağı xəbəri yayıldıqdan sonra Türkiyənin reaksiyasının necə olacağı da maraqlıdır”.


Missiya.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün “Facebook” sosial media hesabında yazıb.


Onun sözlərinə görə, Türkiyə mediası hələ ki, bu mövzuya geniş yer ayırmır. Hiss olunur ki, Ankaranın siyasi dairələri Vaşinqtonda imzalanacaq razılaşmaların Türkiyənin milli və təhlükəsizlik maraqlarına uyğun olub-olmadığını araşdırırlar. 


Politoloq bildirib ki, Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı günü səbirsizliklə gözləyir:


“Çünki, bu halda Türkiyə Ermənistanla sərhədi açacaq və onunla diplomatik münasibətləri bərpa edəcək. Bu, Türkiyənin Cənubi Qafqazda daha da möhkəmlənməsinə şərait yaradacaq. Əlbəttə, Türkiyə Azərbaycanın strateji müttəfiqi, Gürcüstanın strateteji tərəfdaşıdır, zəif halqa Ermənistandır ki, onu da ən azı tərəfdaşa çevirməkdə fayda var. Bu Ermənistanın Rusiyadan asılılığını daha da azaldacaq. Bunun isə Türkiyə ilə yanaşı Azərbaycana da faydası var. Türkiyədəki bəzi dairələrdə bircə Zəngəzur dəhlizinin ABŞ şirkətinə icarəyə verilməsi ilə bağlı müəyyən suallar yarana bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla isti münasibətləri mövcuddur, hər ikisi bir-birinə “dostum” deyə müraciət edirlər. İndiki məqamda Ankara Zəngəzur dəhlizinin “Tramp dəhlizinə” çevrilməsinin əleyhinə olmaz. Ancaq Tramp təxminən 3 il yarımdan sonra Ağ Evi tərk edəcək və bundan sonra Vaşinqtonla Ankara arasındakı münasibətlərin necə formalaşacağını söyləmək çətindir”, - deyə siyasətçi vurğulayıb.


Elxan Şahinoğlu qeyd edib ki, bütün hallarda Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsindənsə, dəhlizin ABŞ şirkətinin işlədilməsinə icarəyə verilməsi daha məqbuldur. Fikrimcə, Ankarada bu amili nəzərə almamış deyillər.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:06