b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1579603764_maxresdefault.jpg

Bakıda bir müddət əvvəl damı uçan yataqxana binası söküləcək.

Missiya.Az xəbər verir ki, təxminən bir ay ərzində yeni binanın tikintisi ilə bağlı sənədləşmə işləri artıq bitəcək.

Söhbət Nərimanov rayonu Nazim Hacıyev küçəsindəki vaxtilə Səttarxan adına zavodun yataqxanası olmuş qəzalı binadan gedir. O binadan ki, 2019-cu il noyabrın 11-də gecə saatlarında 4-cü mərtəbənin dam örtüyü çöküb.

Xoşbəxtlikdən həmin vaxt xəsarət alan olmayıb. Amma Cəbrayıl rayonundan olan məcburi köçkün Həbib İbayevin mənzili yaşayış üçün tamamilə yararsız vəziyyətə düşüb.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov təhlükədən xəbərdar olduqlarını və sakinlərin ərazidən köçürüləcəyini deyir. Binanın sökülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq akt da verilib. Şahmar İbadovun sözlərinə görə, investorla razılıq əldə edilib və yaxın günlərdə işlərə başlanacaq:

“Binada yaşayan 118 ailə yeni binada mənzillərlə təmin ediləcək. Razılıq əldə edilən şirkətin rəhbərliyi də artıq sakinlərlə görüşüb. Onların əvvəlki mənzillərinin sahəsi ölçülüb, müqavilə şərtləri razılaşdırılıb”.

Şahmar İbadov onu da bildirib ki, hazırda sözügedən binada 17 məcburi köçkün ailə yaşayır. Həmin ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə inşa edilən və bu təbəqədən olan vətəndaşlar üçün nəzərdə tutulan şəhərciklərdə müvəqqəti mənzillə təmin ediləcək.

Məcburi köçkün olmayan 118 ailəyə isə mənzillər tikilib tam başa çatana kimi sahibkar aylıq kirayə pulu ödəyəcək. Vətəndaş pulu bank vasitəsilə alacaq və yaşayış yerini özü seçə biləcək.

Rayon rəsmisinin ümidverici çıxışından sonra yollandıq adı çəkilən ünvana. Günorta saatları olduğundan, yataqxanada tək-tük sakin gözə dəyirdi. Əvvəlcə düşündük ki, yəqin sakinlər artıq burdan köçürülüb. Amma yataqxanaya daxil olanda gördüyümüz mənzərə tam fərqli oldu. Yır-yığış edilmiş çamadanlar, əşyaları boşaldılmış mənzillər sakinlərin yol üstündə olduğundan xəbər verirdi.

Öyrəndik ki, uçqunun baş verdiyi gündən ötən iki ay ərzində yataqxananı bir nəfər də olsa, sakin tərk etməyib. Hamı əşyalarını yığıb start vəziyyətində gözləyir. Dekabrın sonunda Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri və binanın ərazisini alan şirkət rəsmiləri sakinlərlə görüşüblər.

Bina sakini Tahirə İsgəndərovanın sözlərinə görə, ilk və son görüş də elə o zaman olub. İndi nə gələn var, nə də sakinlərin hal-əhvalını soruşan: “Bizə dedilər ki, dekabr ayının 20-nə kimi heç kim bu binada qalmayacaq. Biz də sevindik, əşyalarımızı yığdıq hazırlaşdıq ki, şükür, köçəcəyik. Biz sevinə-sevinə gedib müqavilə bağladıq ki, nəhayət, buradan çıxacağıq. Amma o gün-bu gün heç kim gəlib bir söz demir. Deyirlər, yanvar ayında olacaq, amma yanvarın ortasına gəlib çatmışıq, hələ ki, bir xəbər yoxdur”.

Şirkət rəhbərinin təklifinə razılaşanlar da var, razılaşmayanlar da. Onlardan biri də evinin damı uçan Cəbrayıl rayonundan olan məcburi köçkün Həbib İbayevdir. O deyir ki, tikinti şirkətinin təklif etdiyi məbləğlə razı olmadığından, hər hansı müqaviləni imzalamayıb.

Köçürülməsi planlaşdırılan yataqxanada məskunlaşan 17 məcburi köçkün ailəsinin taleyinə aydınlıq gətirmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə də əlaqə saxladıq. Komitədən bildirdilər ki, noyabrın 11-də Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında yerləşən yataqxananın dam örtüyünün bir hissəsinin çökməsindən dərhal sonra Komitəsinin nümayəndələri hadisə yerində olublar.

Burada müvəqqəti məskunlaşmış 17 məcburi köçkün ailəsinin vəziyyəti ilə bağlı yerində araşdırma aparılıb. Araşdırma nəticəsində Dövlət Komitəsi yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, həmin ailələrin yeni mənzillə təmin edilənədək müvəqqəti mənzillərdə yerləşdirilməsini təklif edib. Lakin ailələr bu təklifi qəbul etməyib. Qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri növbəti mərhələdə istifadəyə veriləcək yaşayış kompleksində yeni mənzillərlə təmin ediləcək.



20 Mart 2020 Bəzi dövlət qurumlarında işləyənlər bir aylıq məzuniyyətə göndərilir - RƏSMİ
17 Mart 2020 Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırılır - RƏSMİ
16 Mart 2020 Orta aylıq pensiya 350 manat olacaq - RƏSMİ
05 Mart 2020 Sürücülərə XƏBƏRDARLIQ: Sürət həddi endirildi - SƏBƏB
04 Mart 2020 Məktəblərdəki 1 həftəlik tətil belə kompensasiya olunacaq
04 Mart 2020 İlham Əliyevdən 4 rayonla bağlı 8,19 milyonluq SƏRƏNCAM
03 Mart 2020 Prezident İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib
03 Mart 2020 Maaşlar artırılacaq - YENİ TƏKLİFLƏR
02 Mart 2020 “Sədərək” ticarət mərkəzi su altında qaldı - VİDEO
02 Mart 2020 Azərbaycanda dərslərin dayandırılması fikirləri barədə rəsmi açıqlama
02 Mart 2020 Bu ərazidən köçürülənlərə əlavə pul verilib - RƏSMİ
25 Fevral 2020 Kurikulum ləğv edilir? - RƏSMİ AÇIQLAMA
25 Fevral 2020 Sabah Bakıda bu yollar bağlanacaq
21 Fevral 2020 Sabaha olan hava proqnozu açıqlandı
18 Fevral 2020 Yol Polisindən sürücülərə xəbərdarlıq - VİDEO
17 Fevral 2020 Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsini məhkəməyə verdi
13 Fevral 2020 Bakıda bu ərazidəki evlər plana düşdü - ÜNVANLAR
13 Fevral 2020 Xalq artisti xərçəngə tutuldu
13 Fevral 2020 Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradılacaq
12 Fevral 2020 Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə! - VİDEO