Ermənistanın Baş naziri Nikol Paşinyan və arvadı Anna Akopyan son bir neçə gündür ki, din xadimlərini hədəfə alan paylaşımlar edirlər.
Missiya.Az xəbər verir ki, Ermənistanın “Joqovurd” qəzeti bu məsələyə dair diqqətçəkən məqalə ilə çıxış edib.
Qəzet yazır: 2025-ci il mayın 30-da Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial şəbəkələrdə bu məzmunda yazı dərc edib:
“Ölkənin əsas pedofilləri şkaf sözündən hiddətlənib. Təbii ki, belə də olmalı idi. Axı şkaflar qara maskalı manyakların həyatının qaranlıq küncləridir. Məhz şkaflarda artıq mömin insanların qəzəbinə belə layiq olmayan azğınlıqlar baş verir. Bununla çoxdan barışan mömin xalq ölkənin əsas manyaklarını – azğınları çiyinlərində daşıyır”.
Həmin gün Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan da yazıb:
“Müqəddəs, get dayının arvadını…,(etik səbəblərə görə, sözü buraxırıq – red.) sənin mənimlə nə işin var?”
Ehtimal olunur ki, hakim cütlüyün ruhanilərə qarşı güclü dəlilləri var və bundan istifadə etməyə çalışırlar. “Joqovurd” qəzeti bu mövzuda Ermənistan Respublikasının Baş Prokurorluğuna və Ermənistan Respublikasının İstintaq Komitəsinə aşağıdakı suallarla sorğu göndərib:
-Kilsə rəhbərlərinin uşaqlarla əxlaqsız rəftar etməsi faktları ilə bağlı cinayət işi başlanıbmı?
-Müqəddəs Atalardan hər hansı birinə subaylıq andını pozması faktı ilə bağlı cinayət işi başlanıbmı?
Sorğuya cavab olaraq Ermənistan Respublikasının Baş Prokurorluğu cavab verib ki, belə bir hallarla bağlı cinayət işləri barədə məlumat yoxdur. İstintaq Komitəsinin cavabı isə budur:
“Sizin qeyd etdiyiniz hallar Ermənistan Respublikasının İstintaq Komitəsinin araşdırdığı prosesdə ayrıca qeydə alınmayıb. Sorğunun 2-ci bəndində göstərilən məlumatların verilməsinə gəlincə, bildiririk ki, “subaylıq andının pozulması” cinayət hesab edilmir və Cinayət Məcəlləsində nəzərdə tutulmayıb”.
Qeyd edək ki, Paşinyan Katalikos II Qaragenin subaylıq andını pozması və ondan övlad dünyaya gəlməsi barədə də paylaşım edib və Kilsədən bunun izahını tələb edib. Qəzet daha sonra yazır: “Paşinyanın kilsəni niyə yenidən “xatırladığını” təxmin etmək çətin deyil: onun seçki kampaniyası artıq başlayıb və “keçmiş soyğunçular” mövzusu aktuallığını itirdiyindən o, kilsəni “anti-qəhrəman” kimi taparaq cəmiyyətin mühakiməsinə buraxır”.
Bizim qeyd: Bütün ermənilərin katalikosu II Qaregin Paşinyana qarşı müxalif fikirləri ilə də tanınır. O, dəfələrlə siyasi bəyanatlar verərək Paşinyanı istefaya çağırıb. Paşinyanın “Qarabağ Azərbaycanın ərazisidir” bəyanatına ilk etiraz edənlərdən biri də elə katalikosdur. O, dəfələrlə sərhəd kəndlərə gedərək, əhalini mövcud hakimiyyətə qarşı qaldırmağa çalışıb, Azərbaycanla sülh prosesini pozmağa yönəlmiş hərəkətlə yol verib.
Elcan
Missiya.Az