b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_1590053842888657709_1000x669.jpg

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayevanın AZƏRTAC-a müsahibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pandemiya şəraitində atılan mühüm addımlardan, koronavirusla mübarizədə Azərbaycan nümunəsindən, korrupsiyaya qarşı ciddi mübarizə tədbirlərindən və radikal müxalifətin bütün bunlara qeyri-adekvat münasibətindən bəhs olunur. Müsahibəni təqdim edirik.

-Qənirə xanım, Azərbaycan dövlətinin, şəxsən dövlətimizin başçısının həyata keçirdiyi tədbirlər sa¬yəsində koronavirusla mübarizə sahəsində görülən işlər, habelə kadr, struktur islahatları, korrupsiyaya qarşı sərt cəza tədbirlərinin görülməsi müqabilində özünü “Milli Şura” adlandıran radikal müxalifətin qeyri-adekvat münasibətini necə şərh edərdiniz?

-Müstəqil Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin qətiyyətli addımları, qəbul edilən qərarlar xalqımızın sağlamlığının qorunması baxımından çox böyük önəm daşıdı. Açığı, bunu görmək, qiymətləndirmək üçün xüsusi bir qabiliyyət, böyük təhlil savadı tələb olunmasa da, özünü Milli Şura adlandıran qurumun, ümumən “radikal müxalifət” yarlığı ilə tanınanların davranışı suallar doğurur. Axı dövlətin qəbul etdiyi qərarlar nəticəsində siyasi mənsubiyyətindən, yaşından, cəmiyyətdə tutduğu mövqedən və s. asılı olmayaraq, hər kəs faydalanır, hər kəs qorunur. Əgər Ümumdünya Səhiyyə Təşkilatı, digər beynəlxalq qurumlar, ciddi mütəxəssislər, hətta sadə insanlar, müalicə alaraq sağalanlar və başqaları görülən işləri müsbət qiymətləndirirsə, cənab Prezidentə hər gün onlarla minnətdarlıq məktubu göndərilirsə, necə olur, ayrıca bir “siyasi qrup” – mən məhz bu “status”u işlətməyi doğru sayıram – narazı qalır? Narazı qalmağı da anlamaq olar – əlbəttə, iş varsa, qüsur da ola bilər, iş varsa, çatışmazlıqlar da üzə çıxa bilər və cənab Prezident hər kəsdən daha öncə bu çatışmazlıqlardan danışır. Bir sıra məmurlar buna görə cəzalandırılır, həmin nöqsanların aradan qaldırılması istiqamətində ciddi göstərişlər verilir və bunlar hamısı xalqın gözü qarşısında baş verir; mövcud ictimai-siyasi, başqa sözlə, dövləti, xəlqi iradə danılmaz faktdır və necə deyərlər, faktdan başqa fakt yoxdur.

Bu faktologiyanı antikorrupsiya tədbirlərinə də şamil etmək istərdim. İstər mərkəzi icra hakimiyyəti orqanlarında, istərsə də icra hakimiyyətlərində həyata keçirilən həbslər, şəxsən cənab Prezidentin siyasi iradəsinin ifadəsi, dövlətin xalqın arzu və istəklərinin ifadəçisi olmasının təsdiqi kimi çıxış edir.

Əlbəttə, korrupsiyanın, rüşvətin olmadığı ölkə tapmaq çətindir, bəlkə də qeyri-mümkündür. Əsas olan nədir? Dövlət belə hallara qarşı hansı tədbirləri görür; özü də hansı miqyasda və necə görür? Bizdə müəyyən struktur və köklü kadr islahatlarının aparılması, gənc kadrların irəli çəkilməsi, daha öncələrdən antikorrupsiya tədbirlərini həyata keçirmək üçün Baş Prokurorluq yanında korrupsiyaya qarşı xüsusi qurumun yaradılması və s. dediklərimizə sübutdur. Bu gün ölkəmizdə general-leytenant Əli Nağıyev kimi peşəkar, milli və dövlətə sadiq bir kadrın Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik etməsi cənab Prezidentin korrupsiyaya qarşı mübarizə istiqamətində önəmli siyasətinin yüksək səviyyədə həyata keçirilməsində öz mühüm rolunu oynayır. Eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində çalışmış, dövlətə sadiq peşəkar bir kadr olan II dərəcəli Dövlət Ədliyyə Müşaviri Kamran Əliyevin Baş Prokuror təyin olunması dövlətimizin başçısının antikorrupsiya siyasətinə nə qədər böyük önəm verdiyinin örnəklərindən biridir.

Əgər diqqət edirsinizsə, cənab Prezident çıxışlarının əksəriyyətində korrupsiyaya qarşı müharibə elan etdiyini açıqlayır, şəffaflığın daha da yüksəldilməsi istiqamətində islahatların aparılması ilə yanaşı, korrupsiya əməllərindən əl çəkməyən, fəaliyyətində şəffaflığa əsaslı şübhələr olan, islahatlara mane olan – kimliyindən asılı olmayaraq hər bir vəzifə sahibinin qanun qarşısında cavab verəcəyini birmənalı olaraq açıqlayır və bu istiqamətlərində ciddi işlərin getdiyini bütün xalq görür. Azərbaycan Prezidentinin şəffaflığa, kübarlığa, xeyirxahlığa çağırışları, nankor məmurlar haqqında ürək ağrısı ilə danışması, onların bu həssas dönəmdəki yolverilməz hərəkətlərini xəyanət adlandırması... özü bir dəyərlər toplusdur və məhz buna görə xalqımız cənab Prezidenti dəstəkləyir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın öz adına, xarakterinə, daşıdığı ali vəzifəyə, şəxsi və milli ənənələrə uyğun xeyirxahlıqla etdiyi təsirli çağırışlar, göstərdiyi şəxsi nümunə, o cümlədən Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də unudulmamalıdır.

Habelə milli donor qurumlarının təşəkkülü, “ASAN xidmət”in, DOST mərkəzlərinin yaradılması, könüllülük hərəkatının inkişafı, siyasi təşkilatlarla görüşlərin, məsləhətləşmələrin keçirilməsi və digər bu kimi addımlar siyasi müxalifətin qarşısında konstruktiv fəaliyyət imkanlarını artırmaq kimi xüsusiləşdirilə bilər.

Cənab Prezident çox önəmli bir addım ataraq, siyasi islahatların, siyasi dialoqun genişləndirilməsi, yəni ölkəmizdə demokratik proseslərin daha da güclənməsi üçün Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaratdı. Yarandığı gündən şöbənin rəhbəri, hörmətli ziyalımız Ədalət Vəliyev bütün siyasi qurumlarla görüşlərə başladı və Prezidentin bu istiqamətdə addımları sağlam müxalifət tərəfindən çox müsbət qarşılandı.

Amma çox təəssüf ki özünü “Milli Şura” adlandıran radikal müxalifət ölkəmizin daha da inkişafı istiqamətində vacib olan bu addımları da dəyərləndirə bilmir. Bu, onu göstərir ki, onlar üçün xalqın maraqları deyil, özlərinin və dəstək aldıqları xarici güclərin maraqları ön plandadır.

-Qənirə xanım, pandemiya və ona qarşı milli mübarizədə qət edilmiş məsafə barədə fikirlərinizi bilmək istərdik.

- Bilirsiniz ki, virus sərhədlərimiz daxilində aşkarlandığı ilk gündən dövlətimiz iki mühüm istiqamətdə səyləri cəmləşdirdi: birincisi, əhalinin təhlükəsizliyi; ikincisi, beynəlxalq proseslərin yaxından müşahidə edilməsi, öyrənilməsi və hər iki halda qabaqlayıcı tədbirlərin görülməsi.

Hər iki istiqamət bir-birini tamamlayan, sinxron fəaliyyəti ehtiva edir. Karantin rejiminin önəmli dərəcədə arxada qaldığı, ancaq müəyyən məhdudiyyətlərin davam etdiyi indiki günlərdə də dövlətin təhlükəsizlik tədbirləri öz fasiləsiz xarakteri ilə davam edir. Bildiyiniz kimi, hökumət bu işlə məhz operativ şəkildə məşğul olur, əhalini maarifləndirir, məlumatlandırır və hadisələr dövlət başçısının şəxsi diqqətindədir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması öz yerində, bunun ardınca, Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis edilməsi, Prezidentin ehtiyat fondundan həmin fonda (ilkin olaraq) iyirmi milyon manat ayrılması, habelə, 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə bir milyard manat ayrılması, Prezidentin, Birinci vitse-prezidentin bir illik maaşlarını həmin fonda köçürməsi, Prezidentin çağırışı ilə iş adamları və imkanı çatan şəxslər tərəfindən ianələrin edilməsi, respublikamızda maska və gigenik məhsullarının istehsalının təmin olunması və s. bu planda mövzuya biganə olmayan dünya birliyi, ilk növbədə, ictimaiyyətimiz tərəfindən yüksək qiymətləndirildi.

Mən vətəndaşlarımıza yaxşı məlum olan addımların burada bir daha təkrarlanmasına xüsusi ehtiyac duymuram, hər birimiz bu və ya digər dərəcədə o proseslərin içində olmuşuq. Ölkə daxilində təxirəsalınmaz işlər görüldükdən sonra, daha doğrusu, respublikanın istehsalat sahələri, təsərrüfat subyektləri, fərdi, qrup, kollektiv münasibətlərə dair davranışlar sahmana sa-lınmaqla yanaşı, beynəlxalq əməkdaşlıq da yeni situasiyaya uyğun formada davam və inkişaf etdirildi. Azərbaycan nəinki hansısa donor asılılığı yaşadı, əksinə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində maliyyə dəstəyi göstərdi.

-Bunu Azərbaycan nümunəsi də adlandırırlar...

-Bəli, tamamilə doğrudur. Dövlətimiz koronovirusla mübarizəyə beynəlxalq səviyyədə dəstək göstərdi, ciddi təşəbbüslərlə çıxış etdi. Azərbaycan Prezidentinin sədrlik etdiyi iki mühüm platformanın (Türk Şurası və Qoşulmama Hərəkatı) ardıcıllıqla virtual Zirvə görüşləri keçirildi və hər iki görüş uğurla baş tutdu.

İndi özünüz təsəvvür edin, qardaş ölkələrin dövlət başçıları, Qoşulmama Hərəkatının Təmas Qrupu üzləri Azərbaycan Prezidentinin təşəbbüslərini, görülmüş işləri alqışlayır, sizin sözünüzlə desək, Azərbaycan nümunəsini, Azərbaycan modelini təqdir edirsə, radikal müxalifət təmsilçiləri artıq inkarçılıqda, mənasız tənqiddə israr etməməlidir.

Təsəvvür edin, 120 dövlətin təmsil olunduğu, BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı Azərbaycan Prezidentinin təşəbbüsü ilə müzakirəyə cəlb edilir, ümumdünya proseslərinə töhfə verir. Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olur. Belə bir gerçəklik fonunda qürur duymalıykən, öz dövlətinin nümunə sayılan addımlarına göz yummaq, əks fikirlər söyləmək heç bir əndazəyə sığmır və qəbul edilə bilməz.

Əksinə, biz haqlı qürur hissi ilə deyə bilərik ki, qlobal işbirliyinə güclü ehtiyac duyulduğu indiki şəraitdə dövlətlər, eləcə də bir sıra bey¬nəlxalq və regional təşkilatlar uyğun reaksiya göstərə, qlobal həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilmirsə, bu addımları məhz Prezidentimizin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti ata bildi.

Heç kəsə sirr deyil ki, xeyirxahlığa, humanizmə, yaxud qlobal liderliyə ehtiyac duyulan indiki şəraitdə, cənab İlham Əliyev uyğun təşəbbüs irəli sürərək, dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşa malik ölkələri bir araya gə-tirməyə nail oldu. Prezident nümunə olan addımlar ataraq, pandemiyaya yalnız qlobal işbirliyi və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

Azərbaycan dövlətlərin, xalqların başı özünə qarışdığı, sərhədlərin qapandığı bir şəraitdə, aprel-may aylarında iki uğurlu beynəlxalq Zirvə görüşü təşkil etməklə öz toparlanma potensialını, istiqrarını, beynəlxalq nüfuzunu, bəşəri problemlərə canıyananlığını və peşəkarlığını ortaya qoymuş oldu.

Bəli, müstəqil dövlətimiz dünyanın dörd bir tərəfini öz təsir dairəsinə almış, qlobal iqtisadiyyata, ticarətə ağır zərbə vurmuş pandemiya şəraitində dövlətlər, xalqlar arasında bağlar qurur, belə demək mümkünsə, körpülər salır. Qoşulmama Hərəkatının virtual sammitini xatırlayaq. Avropa İttifaqı rəsmisinin sammitdə iştirakı və yaddaqalan çıxışı Hərəkatın tarixində ilk dəfə baş verirdi. Məhz müstəqil Azərbaycan dövləti bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını COVID-19 təhlükəsi zamanı bir araya gətirməyi bacardı.

Zirvə görüşündə, eyni zamanda, BMT Baş Assambleyası prezidentinin, Afrika Birliyi sədrinin, ÜST-nin baş direktorunun iştirakı, BMT Baş katibi Antonio Quterreşin, Avropa Komissiyasının Vitse-prezidenti cənab Cozef Borelin sammitə videomüraciət ünvanlaması Prezidentimizin şəxsi nüfuzuna, ümumən dövlətimizə, xalqımıza, mədəniyyətimizə bəslənən böyük eti-madın göstəricisidir.

Cənab İlham Əliyevin sədrlik etdiyi qısa zamanda Qoşulmama Hərəkatının beynəlxalq fikir mübadiləsi, qlobal həmrəylik, səmərəli əməkdaşlıq platformasına çevrildiyini görməkdəyik. Heç şübhəsiz ki, bu, təsadüf deyil. Gəlin yadımıza salaq: NATO-nun və Rusiyanın Baş Qərargah rəislərinin görüş yeri kimi Bakının seçilməsi, paytaxtımızın sivilizasiyalararası, mədəniy¬yətlərarası dialoqun, habelə beynəlxalq humanitar forumların sabit mərkəzi olması… eləcə də, birinci Avropa Oyunlarının məhz Azərbaycanda, özü də yüksək səviyyədə keçirilməsi ən yaxın keçmişimizin əlamətdar hadisələridir.

Yeri gəlmişkən, artıq yeni mərhələ BMT Baş Assambleyasının virtual toplantısının keçirilməsi ola bilər, bu barədə Azərbaycan Respublikasının Prezidenti Qoşulmama Hərəkatının virtual sammitində öz fikrini bildirdi.

Yəni, dövlətimiz öz təşəbbüsləri, praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında faydalı təmasların artmasına, pandemiya ilə mübarizədə bütün səylərin səfərbərliyinə ciddi töhfələr verir. Türk Şurası və Qoşulmama Hərəkatı üzvlərinin müstəqil dövlətimizə, dövlətimizin başçısına tam eti¬madı, respublikamızın beynəlxalq nüfuzu, dövlətimizin qlobal səylərinin dəstəklənməsi, deyəsən, “Milli Şura” üzvlərini depressiyaya salıb və çox təəssüf ki, öz uğursuzluqlarını ört-basdır etmək üçün xalqı aşağılyan fikirləri belə səsləndirirlər və bu hər bir vətəndaşımızın hiddətinə səbəb olur. Onların bu günlərdə ictimailəşmiş “Zoom iclaslarında” səslənən fikirlər dediklərimizə sübutdur. Heç kimsənin xalqı aşağılamağa ixtiyarı yoxdur.

-Qənirə xanım, növbəti sualımız da elə bu barədə olacaqdı. Deyə bilərsinizmi, “Mili Şura” üzvlərinin yayınlanmış görüntüləri siyasi mühitimizin hansı gerçəkliyindən xəbər verir?

-Yaxşı ki, onlar siyasi mühitimizin mənzərəsini deyil, yalnız marginallaşmış bir qrupun gerçəkliyindən xəbər verir. Onsuz da çoxsaylı üzvlərə malik olmayan “Milli Şura”dan istefalar başlayıb, qurumun rəhbərliyində təmsil olunan bəzi şəxslər oradan uzaqlaşır. Bəlkə kimlərdəsə bu qurumun gələcəyinə azacıq ümid var idisə, artıq onlar da acı gerçəkliyi qəbul etməyə məcburdur. Açığı, mən “Milli Şura” leksionunda danışmaq və bəzi sözləri, ifadələri burada təkrar etmək istəmirəm, yalnız onu demək istərdim ki, milli-mənəvi dəyərlərimizə, mənəviyyatımıza uyğun gəlməyən mövqe, daha doğrusu, mövqesizliklə xalqın rəğbətini qazanmaq olmaz, belə oyunlarla beynəlxalq dəstəyə ümid bəsləmək də mənasızdır. Öz milli-mənəvi dəyərlərinə diqqətli ola bilməyənlər, başqalarının dəyərlərinə necə dəstək ola, müdafiə edə, yaxud onu yaşada bilərlər? Deməli, ortalıqda başqa mətləblər var: hakimiyyət ehtirası, az-çox tərəfdarları qarşısında özünü doğrultmaq cəhdi və s.

Təsəvvür edin, “Milli Şura”nı tərk edən kinodramaturq Eldəniz Quliyev Cəmil Həsənliyə mətbuatda müraciət edərək, “...ayıb olsun!” deyir, orada qalmağın heç kimə başucalığı gətirmədiyindən, özbaşınalıqdan, “bıçağın sümüyə dirəndiyindən”, qurumda milli-mənəvi, mental dəyərlərin tapdandığından bəhs edir. Buyurun, bunu biz demirik, həmin şuranın yaradıcılarından olmuş Eldəniz Quliyev deyir. İndi belə bir qurum durub hansı haqla kimisə tənqid edə bilər?

Missiya.Az



05 İyun 2020 İcaze.e-gov.az portalı yenidən aktivləşdirildi - RƏSMİ + VİDEO
05 İyun 2020 İcra başçısı həbs edilən rayonun polis rəisi işdən çıxarıldı
05 İyun 2020 Spiker deputatlara xəbərdarlıq etdi
05 İyun 2020 Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ
05 İyun 2020 Ünvanlı sosial yardım artıq belə veriləcək - YENİ QAYDA
05 İyun 2020 Yumşalmadan sui-istifadə və iki günlük izolyasiya – Dövləti sərt qərarlara məcbur etməyək!
05 İyun 2020 Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR
05 İyun 2020 Bakıda kişi arvadını bıçaqladı
05 İyun 2020 Bakıda bu binalar söküləcək - ÜNVAN
04 İyun 2020 Prezidentin qətiyyəti, erməni terroru və Avropaya ciddi mesajlar
04 İyun 2020 Həftəsonu üçün xüsusi icazəsi olmayan avtomobillər belə müəyyənləşdiriləcək - RƏSMİ
04 İyun 2020 İlham Əliyev onlara fəxri adlar verdi — SİYAHI
04 İyun 2020 Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
04 İyun 2020 Evdən çıxmaq istəyənlər belə İCAZƏ ALACAQ
04 İyun 2020 Azərbaycanda ən sərt karantin rejimi TƏTBİQ EDİLƏCƏK - QƏRAR VERİLDİ
04 İyun 2020 “Korrupsioner məmurların cəzalandırılması sahibkarlıq fəaliyyətinə müsbət təsir göstərir” – Ramin Əhmədov
04 İyun 2020 Sabahdan bu şəhərlərdə iş saatı dəyişir — Baş Nazir qərar verdi
04 İyun 2020 6 azərbaycanlı koronavirusdan öldü - RƏSMİ
04 İyun 2020 BDU-da Respublika virtual elmi konfransı keçirilib - FOTO
04 İyun 2020 Həftə sonları yalnız bu şəxslərin işləməsinə icazə veriləcək - RƏSMİ AÇIQLAMA