AZ   |   RU
Cəbrayıl rayonunda quruculuq işləri sürətlə davam etdirilir

İki il bundan öncə - 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri düşmən tapdağından azad olunub. Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırıb.

Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilib. İşğal vaxtı  Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib. 1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.

Cəbrayıl rayonunun ərazisi mərmər və digər qiymətli tikinti materialları ilə zəngindir. Rayonda hətta neft yataqlarının olduğu da bəllidir. Cəbrayılda qaynar mədəniyyət, elm-təhsil, maarif mühiti olub. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışıb. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat olub. Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diridağdakı Mazan nənə türbəsi, Mərmər nənə məqbərəsi kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diridağdakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki səkkizguşəli türbə (“Dairəvi”) və məqbərələr, Türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı ermənilər tərəfindən məhv edilib və ya dağıntıya məruz qalıb.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş torpaqlarımızda olduğu kimi, Cəbrayıl rayonunda da böyük quruculuq işləri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılıb. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir. Bunlardan başqa, təməllləri dövlətimizin başçısı tərəfindən qoyulan “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Rayon Mərkəzi Xəstəxanasının,  akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin və Memorial Kompleksin tikintisi aparılır. Dövlətimizin böyük qayğısı və diqqəti, insanlarımızın qurub-yaratmaq eşqi tezliklə Qarabağın bu dilbər güşəsini də gözəlliklər diyarına çevirəcəkdir.

Elza Məmmədova  
Nizami rayonu 109 saylı məktəbin müəllimi


  • 3-10-2022, 11:18