AZ   |   RU
EBRD-nin prezidenti Cənubi Qafqaza səfərinə Azərbaycandan başlayacaq

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Basso Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində sentyabrın 11-13-də Azərbaycana gələcək.

Bu barədə Missiya.Az-a EBRD-nin Azərbaycandakı daimi nümayəndəliyindən məlumat verilib.

"2020-ci ilin sonunda vəzifəsinin icrasına başladıqdan sonra bu, Odil Reno-Bassonun ilk səfəridir. EBRD prezidentinin Cənubi Qafqaz regionuna beş günlük səfəri Azərbaycandan başlayır, daha sonra o, Gürcüstan və Ermənistana gedəcək", - nümayəndəlikdən bildirilib.

Bankın ofisi kredit müqavilələrinin imzalanacağını istisna etməsə də, hələlik bu məsələnin və planlaşdırılan görüşlərin razılaşdırılma mərhələsində olduğunu açıqlayıb.

Daha əvvəl EBRD-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kamola Mahmudova “Report”a bildirib ki, səfərdə əsas diqqət Azərbaycanın ərzaq təhlükəsizliyi, nəqliyyat kommunikasiyaları və enerji sahələrində mühüm roluna yönəldiləcək.

Xatırladaq ki, bu ilin may ayında EBRD-nin Direktorlar Şurası Qaradağ Günəş Elektrik Stansiyasının inkişafı, tikintisi və istismarı üçün 51 milyon ABŞ dollarına qədər uzunmüddətli krediti təsdiqləyib. Layihənin ümumi dəyəri 250 milyon ABŞ dolları təşkil edir.

EBRD həmçinin Xızı və Abşeron rayonlarında yerləşən 240 MVt gücündə olan külək elektrik stansiyasının inkişafı, tikintisi və istismarı üçün 105 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq. Kreditin sentyabrın 21-də EBRD-nin Direktorlar Şurası tərəfindən təsdiqlənməsi gözlənilir. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları təşkil edir.

Bu yaxınlarda EBRD Bakı yaxınlığında 5 000 tonluq anbarın tikintisi məqsədilə Azərbaycanın “W&E Forward” logistika şirkətinə və "Alat Bay" MMC-yə 4 milyon ABŞ dolları (3,9 milyon avro) dəyərində kredit ayrılmasını təsdiqləyib. Layihənin ümumi dəyəri 7 milyon 362 min 500 ABŞ dolları təşkil edir.

Layihə Gürcüstanın Qara dəniz limanları və Bakı arasında daşınma qiymətini və vaxtını azaltmaq hesabına tranzit və idxal yükləri axınını asanlaşdırmağa imkan verəcək.

Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) dövlət zəmanəti olmadan kreditin ayrılması üzrə danışıqlar aparır.

Qeyd edək ki, EBRD Azərbaycanda mühüm institusional investordur. Bu günə qədər Bank ölkəyə 181 layihə vasitəsilə 3,318 milyard avro sərmayə yatırıb. Bankın ölkədəki strategiyası Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorlarında özəl sektorun inkişafına kömək etmək səylərinə yönəlib.

EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 12 %-dir.

Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə portfelində 33 aktiv layihə var. Bu layihələr üzrə portfel isə 833 milyon avro (19 milyon avro çox), əməliyyat aktivləri 759 milyon avro (18 milyon avro çox), kumulyativ ödənişləri isə 3,117 milyard avro (80 milyon avro çox) təşkil edib.


  • 8-09-2022, 11:47