AZ   |   RU
"Zəngəzur dəhlizi"nə görə Paşinyana təzyiqlər artır - Vardan Oskanyan da şivən qoparır

Bu, kommersiya sövdələşməsi deyil, bu, suverenliyin güzəştidir və faktiki olaraq Azərbaycanın ekspansiyasının alətinə çevriləcək".


Missiya.Az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan öz Facebook səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanın bugünkü mətbuat konfransında səsləndirdiyi bir sıra bəyanatlara toxunaraq yazıb.


"Bugünkü mətbuat konfransında Paşinyan Ermənistanın suveren ərazisindən keçən dəhlizin üçüncü tərəfə verilməsi ideyasını milli infrastrukturun, məsələn, aeroportun, dəmiryolunun autsorsingi ilə müqayisə edib. Bu müqayisə absurddur, yanlışdır və təhlükəlidir.


Məsələn, hava limanının idarə edilməsi kommersiya müqaviləsidir və bu halda milli yurisdiksiya tam olaraq qorunur. Bunlar bütün dünyada istifadə olunan standart dövlət-özəl sektor tərəfdaşlıq modelləridir.


Bunun əksinə olaraq, Azərbaycanın tələb etdiyi və kənar güclər tərəfindən tez-tez təkrarlanan “dəhliz” anlayışı tamamilə fərqli bir şeyi nəzərdə tutur: 


Oskanyan hesab edir ki, dəhlizin üçüncü tərəfin idarəçiliyinə verilməsi Ermənistanın hüquqi, inzibati və təhlükəsizlik nəzarətindən çıxarılan, faktiki olaraq başqa bir gücə verilən suveren ərazi təbəqəsini nəzərdə tutur:


"Paşinyanın hiyləsi ictimai rəyi çaşdırır. Paşinyan Azərbaycanla Naxçıvan arasında fasiləsiz əlaqəni təmin etmək üçün Sünikdən keçən dəhlizə nəzarəti üçüncü tərəfə verməyi təklif etməklə Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhlükə altına qoyur. Kimin nəzarət etməsindən asılı olmayaraq üçüncü şəxsin nəzarəti altında olan dəhliz təhlükəli presedent yarada bilər", -deyə Vardanyan yekunlaşdırıb.


Elcan

Missiya.Az



  • Dünən, 22:13