AZ   |   RU
ABŞ-da benzinin qiyməti rekord həddə bahalaşıb
ABŞ-da yanacaqdoldurma məntəqələrində benzinin qiyməti bütün zamanların ən yüksək həddinə çataraq, bir qallon üçün 4,4 dolları ötüb.

Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, ölkədə benzinin orta qiyməti keçən illə müqayisədə 47 faiz artıb.

Regionlara görə fərqlənən benzinin qiyməti Kaliforniya ştatında 5,84 dollara çatıb. Benzinin bahalaşması ölkədə inflyasiya təzyiqlərinin güclənəcəyi ilə bağlı narahatlıqları da artırıb.

Rusiya-Ukrayna müharibəsi səbəbindən xam neftin qiymətinin artması ABŞ-da benzinin bahalaşmasına səbəb olub.

ABŞ Prezidenti Co Bayden mart ayında benzinin qiymətini aşağı salmaq üçün ölkənin strateji neft ehtiyatlarından 6 ay ərzində gündə 1 milyon barrel neftin buraxılmasına icazə verdiyini açıqlamışdı.

Bu tədbirdən sonra aprel ayında benzinin orta qiyməti 4,07 dollara düşsə də, benzinin ucuzlaşması qısamüddətli olub.

Qeyd edək ki, ABŞ-da benzinin orta qiyməti bundan əvvəl martın 11-də bir qallon üçün 4,33 dollar olmaqla rekord vurmuşdu.

  • 10-05-2022, 22:49