AZ   |   RU
Moskvadan Paşinyana təhdid mesajı: “Vaşinqton sənədi”ndə nələr var? – “Qarabağda bir erməni də qalmayacaq”

“Vaşinqton və Brüsselin çətin məqamdan istifadə etməyə və keçmiş İttifaqın bütün perimetri boyu Moskva üçün problemlər yaratmağa çalışacağı Ukraynada hərbi əməliyyatların ilk günlərindən aydın idi. O da aydın idi ki, Qərb daha çox Qarabağ məsələsindən istifadə etməyə çalışacaq. 2020-ci ildə 44 günlük müharibədən və Rusiya sülhməramlı qüvvələri kontingentinin Qarabağda yerləşdirilməsindən sonra bölgədə, kövrək olsa da sülh hökm sürür. Azərbaycan və Ermənistan sərhədində qeydə alınan müxtəlif miqyaslı atışmalar və insidentlər isə danışıqlarda nəticə əldə etmək üçün siyasi təzyiq məntiqində baş verir”.
 
Missiya.Az
xəbər verir ki, bunu Rusiyanın məşhur “Komsomolskaya Pravda” qəzeti yazıb. Regionda gedən proseslərdən və xüsusən Qarabağ üzərində fokuslanmış xarici maraqlardan bəhs edən məqalədə qeyd olunur ki, bütün yuxarıda sadalanan faktlara rəğmən görünən odur ki, “çoxdankı münaqişənin tarixində yeni dönüş nöqtəsi” yaranıb.

Sitat: “Oktyabrın 10-da Rusiyanın Teleqram kanallarından birində Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair Vaşinqton sənədi adlanan sənəd dərc olundu. Qərbin vasitəçilik missiyasının nəticəsi olan bu sənəd müxtəlif mənbələrə görə, Brüssel və Praqa danışıqlarından sonra, həmçinin xarici işlər nazirləri və Təhlükəsizlik Şurası katiblərinin Vaşinqtonda keçirilən görüşündən sonra hər iki tərəfdə məqbul sayılır. Sənədin məzmununa görə, imzalanacağı təqdirdə dövlətlərarası sərhədin son delimitasiyası üzrə işlər aparılacaq, Zəngəzur dəhlizi adlanan və Azərbaycanın digər əraziləri ilə Naxçıvanı birləşdirməli olan yüksəksürətli magistral xəttinin tikintisinə başlanacaq. Bundan əlavə, Azərbaycan Qarabağ ermənilərinin  təhlükəsizliyi və hüquqları ilə bağlı müzakirələr aparmaq üçün rəsmi nümayəndə təyin edəcək. Sənəddə nəinki “Dağlıq Qarabağ Respublikasına”, hətta Qarabağ ermənilərinə hansısa statusun verilməsi nəzərdə tutulmur”.
 
Məqalədə xüsusi qeyd olunur ki, sözügedən sənədin dərci nə Ermənistanda, nə də Qarabağda etiraz hərəkatının yeni dalğasını yaratmayıb.

Sitat: “Axı aydındır ki, reallıqda bu, Dağlıq Qarabağın tamamilə Azərbaycanın yurisdiksiyasına keçməsi deməkdir. Üstəlik azərbaycanlılar “rəsmi nümayəndənin” formal olacağını da gizlətmirlər. Bu yaxınlarda İlham Əliyev bir daha bəyan etdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar və onlarla Azərbaycanın Konstitusiyasına uyğun davranılacaq. Aydındır ki, tezliklə Qarabağda bir nəfər də olsun erməni qalmayacaq. Əgər hazırkı Ermənistan hökuməti bu sənədin qəbuluna razılaşarsa (Ermənistan hökumətindəki mənbələrimiz Paşinyanı bu sənədi mümkün qədər tez imzalamaq zərurətinə əmindir – “KP”), o zaman bu, Cənubi Qafqazda tektonik sürüşmənin katalizatoruna çevriləcək. Azərbaycan və Türkiyə ilə sülh imzalayan, Qarabağı itirən və bununla da ekzistensial təhlükələrdən qurtulacağını düşünən Ermənistanın nə Gümrüdəki Rusiya bazasına, nə də Qarabağdakı Rusiya sülhməramlılarına ehtiyacı qalmayacaq. Aydındır ki, Qərb vasitəçilərinin əsl məqsədi də elə budur”.
 
“Paşinyan buna gedəcəkmi” sualına cavab axtaran “Komsomolskaya Pravda”, Ermənistan və Rusiya ekspertlərinin əhəmiyyətli hissəsinə istinad edərək belə bir qənatə gəlib: “Paşinyan bunu operativ şəkildə və heç bir peşmançılıq çəkmədən edəcək”. 
 
Paşinyanın 2021-ci il seçkilərindəki proqramını xatırladan qəzet yazır ki, Ermənistanın baş naziri Qarabağı ermənilərdə saxlamaq və Rusiya Federasiyası ilə strateji müttəfiqliyi gücləndirmək şüarları ilə “silahlanmışdı” və elə buna görə də hakimiyyətini saxlamağa müvəffəq ola bilmişdi. 
 
Sonda müəllif  müəyyən mənada təhdid ruhunda olan və rəsmi Moskvanın məkrli niyyəti kimi görünən fikirlərə yer verib. Məqalədə Paşinyanın hazırda sərgilədiyi siyasətə işarə edərək, Ermənistan seçicisinin ona belə bir mandat vermədiyi vuğulanır.

Sitat: “Ermənistan seçicisi son 4 ildə baş verən bütün bəlaları baş nazirə xatırlada bilər. Bundan əlavə, çətin ki, ermənilər yaxın tarixin dərslərini unudublar. Həll olunmamış təhlükəsizlik problemləri ilə üz-üzə qalanda nələrin baş verdiyini də xatırlamalıdırlar”.

Elcan
Missiya.Az


Baxış sayı: 296
  • 24-10-2022, 13:34