AZ   |   RU
Paşinyan Azərbaycanın Gorus-Qafan yolunda gömrük-keçid məntəqəsi qurmasından danışıb

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Gorus-Qafan yolunun bir hissəsində Azərbaycanın gömrük-keçid məntəqələri yaratması ilə bağlı məsələyə toxunub. 

Missiya.Az
xəbər verir ki, Paşinyan ötən gün Azərbaycan tərəfindən gömrük-keçid məntəqələrinin yaradılması ilə bağlı rəsmi bildiriş aldıqlarını deyib. 

Sitat: “Azərbaycan tərəfi bizə rəsmi olaraq bildirdi ki, Gorus-Qafan yolunun Eyvazlı və Çayzəmi kəndlərindən keçən hissələrində sərhəd-keçid məntəqəsi quraşdırmağa başlayıblar. Azərbaycanlılar həmin yolda bundan sonra Ermənistan vətəndaşlarına və yüklərinə gömrük və pasport nəzarətini də həyata keçirəcəklər. Biz bildirişi aldıqdan sonra yolun Azərbaycanın nəzarətində olan hissəsindən istifadə edən vətəndaşlarımızı Qafan-Ağvani-Tat-Halidzor-Şinuhair - M2 avtomobil yoluna yönəltmək qərarına gəldik”, - sitatın sonu.

Paşinyan qeyd edib ki, özü hazırda Gorus-Qafan yoluna alternativ kimi təqdim olunan Qafan-Ağvani-Tat-Halidzor-Şinuhair - M2 avtomobil yolundan istifadə edib və magistralın keyfiyyətli olmasına əmindir. Onun sözlərinə görə, gecə yarısına qədər həmin yoldan 100-ə yaxın qoşqulu yük maşını istifadə edib. 

Baş nazir gömrük-keçid məntəqəsinin quraşdırıldığı yerin Ermənistan ərazisi olmadığını deyib. 

O bildirib ki, söhbət Gorus-Qafan yolunun Eyvazlı kəndindən keçən hissəsindən gedir. Yolun Eyvazlı kəndindən keçən hissəsi Azərbaycan ərazisinə düşür. 

Qeyd edək ki, Azərbaycanın Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində gömrük postları və sərhəd prosedurlarını həyata keçirəcək nəzarət-buraxılış məntəqəsi qurduğu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün Ermənistanın İctimai Televiziyasına müsahibəsində elan etmişdi. 

Elvin 
Missiya.Az


Baxış sayı: 227
  • 11-11-2021, 12:54