Diplomatik xidmət orqanları rəhbərlərinin IX Müşavirəsi çərçivəsində Qarabağ Universitetində “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər, imkanlar və çağırışlar” mövzusunda Xankəndi xüsusi sessiyası keçirilib.
Missiya.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müşavirə iştirakçıları Xankəndi şəhərində həyata keçirilən bərpa və quruculuq işləri, o cümlədən Qarabağ Universitetində yaradılmış şəraitlə tanış olublar.
Daha sonra keçirilən Xankəndi xüsusi sessiyasının açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış ediblər.
Çıxışlarda Qarabağ Universitetinin yaradılması ilə bağlı Azərbaycan Prezidentinin tarixi qərarının əhəmiyyəti vurğulanıb, Universitetdə görülən işlər, yaradılan şərait, habelə ümumilikdə Xankəndi şəhərində aparılan bərpa və yenidənqurma işlərindən bəhs olunub.
Xüsusi sessiya çərçivəsində iştirakçılar Qarabağ Universitetinin İncəsənət fakültəsi tərəfindən hazırlanmış konsert proqramında iştirak ediblər.
Konsert proqramı çərçivəsində Azərbaycan, o cümlədən dünya musiqisinin nümunələri fakültənin müəllim və tələbə heyətinin ifasında səsləndirilib.
