AZ   |   RU
Qari Cons: "BP AÇG-də dərin laylardan qaz hasilatı üçün ikinci quyusunu 2026-cı ildə istismara verəcək"



Böyük Britaniyanın BP şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda dərin laylardan təbii qaz hasilatı (“deep-gas”) üçün ikinci hasilat quyusunu 2026-cı ilin mayında istismara verməyi planlaşdırır.

Missiya.Az xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons “Platts”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, AÇG-nin əsas neft anbarından kənarda yerləşən dərin laylardan ilk qaz 2025-ci ilin sonuna kimi gözlənilir: “Yeni kəşflər “Şahdəniz” yatağından qaz ixracını dəstəkləyəcək”.

O, birinci quyudan 2025-ci ilin sonuna qədər qaz hasil ediləcəyini, ikinci quyunun isə 2026-cı ilin mayında istismara veriləcəyini bildirib. Q.Cons əlavə edib ki, blokda sərbəst qaz ehtiyatlarının hədəf həcmi 4 trilyonkubmetr qiymətləndirilir.

BP-nin regional prezidenti vurğulayıb ki, şirkət mövcud obyektlərdə resurs bazasını və istehsal həcmini artırmağa, həmçinin Xəzər regionunun digər ölkələri ilə enerji sahəsində əməkdaşlıq etməyə çalışır.

“Şəfəq-Asiman” və AÇG-də dərin qaz yatağı bizim üçün Azərbaycanda və Xəzər regionunda potensial qaz hasilatının iki yeni sahəsidir. Bu, BP-nin Xəzərə yatırdığı sərmayələr tarixinin davamıdır”, - deyə o bildirib.

Q.Cons Azərbaycan hökumətinin əlverişli investisiya mühitinin yaradılması, xərclərin azaldılması və biznes üçün maneələrin aradan qaldırılması istiqamətində səylərini də qeyd edib. Eyni zamanda, onun sözlərinə görə, mövcud infrastruktur Azərbaycan ərazisindən keçməklə Şərqi Xəzərdən qaz nəqlinin genişləndirilməsi üçün real imkanlar açır.

“Bütövlükdə Xəzərin gələcək inkişafı üçün əhəmiyyətli potensialı var”, - o vurğulayıb.

Q.Cons onu da bildirib ki, o, şirkət üçün yeni imkanlar axtarışında dəfələrlə Türkmənistana səfər edib: “Türkmənistanın böyük ehtiyatları var və biz onların işlənməsində iştirak etməkdən məmnun olardıq, lakin çox şey dövlətlərarası dialoqdan asılıdır”.

Bundan əlavə, BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanda əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. Q.Consun sözlərinə görə, hər iki şirkət bu ölkədə investisiya imkanlarını fəal şəkildə araşdırır.

Qeyd edək ki, 2024-cü il sentyabrın 20-də AÇG layihəsinin səhmdarları Bakıda 14 sentyabr 2017-ci il tarixli hasilatın pay bölgüsü sazişinə bu blokun dərinlikdə yerləşən laylarından qaz hasilatını nəzərdə tutan ikinci əlavəni imzalayıblar. Sənədə əsasən, AÇG yataqlar blokunda təbii qazın sərbəst ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı nəzərdə tutulur.




  • Dünən, 16:45