AZ   |   RU
Bu gün görkəmli ədəbiyyatşünas Abdulla Surun doğum günüdür


Ədəbiyyatşünas və publisist Abdulla Sur 23 iyul 1883-cü ildə anadan olub.



Missiya.Az xəbər verir ki, ilk məqalələri 1903-cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-rus" qəzetində çap edilib.


Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Publisistin 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam edib. 


O, Qafqazın müxtəlif mətbuat orqanlarına A. Sur, Məhəmmədzadə, Qafqasiyalı, A. Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə, Bir Adam və başqa imzalarla məqalələr yazıb.


"Şərqi-rus" bağlandıqdan sonra yenidən Gəncəyə qayıdan Abdulla Sur burada müəllimlik fəaliyyətini davam etdirib, eyni zamanda "Həyat" və "İrşad" qəzetlərinə ədəbiyyat və mədəniyyət mövzularında məqalələr yazır Klassik və çağdaş Azərbaycan və Osmanlı türk ədəbiyyatının problemleri ilə davamlı şəkildə məşğul olan Abdulla Sur, dilin və üslubun sadəliyi, başa düşülən olması məsələsinə olduqca böyük önəm verirdi. Buna görə də o, əsərlərini ərəb, fars və türk dillərinin sintezindən ibarət bir dildə yazan Əbdülhaq Həmid, Tofiq Fikrət, Məhəmməd Hadi kimi görkəmli şair və yazıçıların yaradıcılığını tənqid atəşinə tutur, onların işlətdikləri süni dilin əsərlərindəki fikrin və düşüncələrin başa düşülməsinə əngəl yaratdığını iddia edirdi. 


XX əsrin tanınmış şairlərindən olan Əhməd Cavad Gəncədə Abdulla Surdan ədəbiyyat dərsləri alıb və təsirində qalıb. Sur isə Firidun bəy Köçərlini özünün müəllimi saymaqla bərabər "Azərbaycan Ədəbiyyatı" əsərinin yazılmasında ona kömək edib.


Ədəbiyyatşünas 1912-ci il may ayının 8-də ağır bir xəstəlikdən sonra Tiflis xəstəxanasında dünyasını dəyişib və Gəncə Səbiskar qəbiristanlığıda dəfn olunub.


Zərintac Mayisqızı 
Missiya.Az 




  • Bu gün, 09:50