AZ   |   RU
Yaz yorğunluğunun səbəbləri nədir? - AÇIQLAMA


Yaz fəsli gəlişi ilə təbiəti canlandırır, hər tərəf rəngarəng olur, çiçəklərə bürünür. Bu mövsüm insanlara yenilik, sağlam ruh bəxş edir. Lakin bəzi şəxslər bahar fəslinə yorğun, halsız və psixoloji cəhətdən narahat daxil olur. Habelə bədənlərində müxtəlif ağrılar yaranır. Ən çox isə baş ağrılarının yaşandığı müşahidə edilir. Bu yaz yorğunluğu ya da dəyişikliyi adlandırılır.

Psixoloq Gövhər Məmmədova Missiya.Az-a açıqlaması zamanı deyib ki, sözügedən ağrılar ruh halımıza mənfi təsir göstərir:

“Havaya daha həssas olanlar həmin durumdan daha çox şikayətlənirlər. Səbəbləri isə budur ki, baharda havalar isinir, havada elektrik yükünün miqdarı artır. Bunun artımı ilə əlaqədar insanlarda maddələr mübadiləsi də çoxalır. İsti havaya keçid etdikdə damarlarımızda genişlənmə yaranır və nəticədə ağrılar əmələ gəlir. Beləliklə, iş qabiliyyətimiz aşağı düşür. O cümlədən günlərin uzanması ilə əlaqədar yuxusuzuq problemləri ortaya çıxır”.



Psixoloq yaz yorğunluğundan xilas olma yollarını da izah edib:

“7-8 saat yuxuya getməliyik, günəş altında mümkün qədər vaxt keçirməliyik. Gəzinti də ən çox məsləhət gördüyümüz metodlardandır. Mütləq şəkildə idmanla məşğul olmalıyıq. Beləliklə bədənimizi sözügedən mövsümə uyğunlaşdıra bilərik. Günəş bizdə serotoninin miqdarını artırır. Xoşbəxtlik hiss edirik, yuxuya daha az ehtiyac duyuruq. Qeyd olunan neqativ vəziyyət maksimum 1 ay davam edir. Əgər ağrılar, şikayətlər bitmirsə bunu bahar yorğunluğu altında gizlətmək əvəzinə mütəxəssislərə - həkimə, psixoloqa müraciət olunmalıdır”.



Zərintac Mayisqızı
Missiya.Az





  • Bu gün, 14:22