Müharibə itkilərlə müşahidə olunan dəhşətli bir faciədir. Azərbaycan xalqı uzun müddət davam edən işğal dövründə bir anlıq da olsun Qarabağı unutmadı. Hər an Silahlı Qüvvələrimizi haqlı və ədalətli mübarizə üçün hazırladıq. Saysız-hesabsız təlimlər, zəruri silahların tədarükü, ictimaiyyətin ideoloji hazırlığı sonda bəhrəsini verdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və xalqımızın birmənalı dəstəyi ilə Qarabağımızı işğalçılardan təmizləyərək, möhtəşəm bir qələbə əldə etdik. Bu qələbədə əsas rolu Əsgərimiz oynadı. Müharibənin ağır yükünü döyüş meydanında qəhrəman övladlarımız daşıdı. 30 il ərzində möhkəmləndirilən və hündürlükdə yerləşən düşmən istehkamlarına qarşı döyüşən Ordumuz bütün dünyaya nəyə qadir olduğunu göstərdi.
Hər birimizi dərindən kədərləndirən şəhidlərimiz və yaralılarımız da oldu. Bu itkilər doğmaları və yaxınları qədər şəhidlərimizlə çiyin-çiyinə döyüşən hərbçilərimizə də təsir etdi. Mən şəxsən SSRİ dövründə bir yerdə xidmət etdiyim, sonra isə Ağdam cəbhəsində birgə döyüşdüyüm və mənə qardaşdan yaxın olan tabor komandiri, baş leytenant Qahir Hüseynovun şəhid olmasını çox çətin keçirmişdim. Səngər yoldaşını itirmək hər bir döyüşçünün qəlbində silinməz, sağalmaz və dərin yaralar qoyur. Müharibə insan ruhunun, mənəviyyatının, iradəsinin və bədəninin qarşılaşa biləcəyi ən ağır və amansız sınaqdır. Azərbaycan Əsgəri bu sınaqdan üzü ağ, alını açıq çıxdı. Önünə çıxan düşməni əzdi keçdi. Bayrağımız artıq 1 ildən çoxdur ki, Zəngəzurda və Qarabağda dalğalanır.
Vətən uğrunda canından keçən şəhid və əlillərimizin problemlərinin həlli istiqmətində dövlətimizin və aidiyyəti qurumların, xüsusən də YAŞAT və Heydər Əliyev Fondunun gördüyü işlər barədə oxucular məlumatlıdırlar, buna görə də mən bu dəfə müharibədə iştirak edən veteranlarımızın cəmiyyətimizə inteqrasiyası məsələsinə toxunacağam.
Onların bir çoxunun sosial, psixoloji və hüquqi yardıma ehtiyacını nəzərə alan dövlətimiz müxtəlif tədbirlər həyata keçirir. Bu məsələnin həllində həm dövlət qurumları, həm də özəl sektor aktiv fəaliyyətdədir. Bütün bu tədbirlərə və müharibə zamanı yaşananlara baxmayaraq, veteranlarımız üçün həyat davam edir. Dövlətimiz veteranlara qayğısını heç bir zaman əsirgəməyib və bu gələcəkdə də belə olacaq, amma Vətən üçün canından keçməyə hazır olan igidlərimiz cəmiyyətə daha sürətlə inteqrasiya etməlidirlər. N əzərə alsaq ki, bu veteranların əksəriyyəti gənclərdən ibarətdir, onlar üçün hər şey hələ qabaqdadır. Azərbaycanın qızıl fondu hesab edilən veteranlarımız ictimai həyatda daha fəal iştirak etməlidirlər.
Müasir cəmiyyətə inteqrasiya istiqamətində veteranlarımız aktiv əmək fəaliyyətinə qoşulmalıdırlar. Azərbaycanda müharibə veteranlarının ümumi sayının 150 mindən az olmadığını, onların yarısının Vətən Müharibəsində iştirak edən gənclərdən ibarət olduğunu, sonuncuların isə arasında subayların çox olduğunu nəzərə alsaq, o zaman hər bir qəhrəmanımız yalnız dövlətdən gələn dəstək ilə kifayətlənməməli, gələcək iş və ailə həyatını planlaşdırmaq üçün addımlar atmalıdır. Planları həyata keçirmək isə müəyyən vəsait tələb edir. Bu vəsaiti isə yalnız çalışmaqla əldə etmək mümkündür.
Hər bir vətəndaşımız kimi, keçmiş döyüşçülər də yaşayış səviyyələrinin yaxşılaşdırılması məqsədilə müxtəlif istiqamətlərdə təklif edilən vakant yerlər arasından özlərinə uyğun olanları seçmək imkanına malikdir. Son 1 ildə veteranların məşğulluq məsələlərini həll etmək məqsədilə 5500 şəxs özünüməşğulluq proqramına cəlb edilib, 2400 nəfər işlə təmin olunub. Ölkəmizdə 10 iyundan “Məşğulluq marafonu” başladılıb və ona 600-ə yaxın işəgötürən qoşularaq, 3340 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə artıq 1050 şəhid ailəsi üzvü və veteran işlə təmin olunub. Bu o deməkdir ki, 2300-ə qədər vəzifə hələ də vakantdır.
Veteranlarımız üçün xüsusi bacarıq və istedad tələb edən sahələrdə çalışmaq üçün də imkanlar mövcuddur. Mən şəxsən 17 yaşımda rus dilini yüksək səviyyədə, 46 yaşında isə ingilis dilini zəif səviyyədə öyrənmişəm. 35 yaşında ilk dəfə kompüterlə tanış olmuşam. Deməli, öyrənmək də heç vaxt gec deyil.
Maraqlı bir faktı diqqətizə çatdırım. Bu ilin sentyabrın 6-dan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının dəstək verdiyi İsrail-Azərbaycan Təlim Mərkəzində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün təşkil olunan ilk təlimlərə başlanıb. Bu təlimlər Vətən müharibəsi iştirakçıları və onların ailələrinin bilik və bacarıqlarının inkişafına, eləcə də iş imkanlarının genişlənməsinə xidmət edəcək. 6 aylıq kurs müddətində təlim iştirakçılarına İT sahəsi üzrə müvafiq biliklər tədris olunacaq. Layihə çərçivəsində iştirakçılara cəmiyyətə inteqrasiya olunmaları üçün sosial adaptasiya mövzusunda qısa müddətli təlimlərin də keçirilməsi nəzərdə tutulub. Kursu müvəffəqiyyətlə bitirən şəxslərə Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq səviyyəli sertifikat veriləcək və işlə təmin olunmalarına dəstək göstəriləcək. Veteranlarımız belə bir imkanlardan da yararlana bilərlər.
Veteranlarımızın bir çoxu müharibədən qayıtdıqdan sonra əvvəl çalışdığı sahələrdə fəaliyyətinə davam edir. Mənim oğlum da səfərbərlikdən sonra əvvəl çalışdığı müəssisəyə qayıdaraq, eyni vəzifədə işləməyə başladı. Kiminsə müharibədə iştirak etməsi və ya təltif edilməsi onun əvvəlki vəzifəsindən imtina etməsinə səbəb olmalı deyil. 44 günlük müharibə sağlamlığa ciddi ziyan vurmayıbsa, vətəndaşın malik olduğu peşəkar vərdişlərin itirilməsinə gətirib çıxara bilməz. Hərənin öz bildiyi, bacardığı sahədə daha uğurlu olacağı şübhəsizdir. Ola bilər ki, bəzi gənclər valideynlərin bir qədər səhlənkar münasibəti və ya hansısa digər səbəblərdən hərbi xidmətə qədər konkret peşəyə yiyələnməyiblər. Həmin gənclərin aşpaz, bərbər, telefon təmiri, avtomobil diaqnostikası və s. kimi qısa müddətdə mənimsənilən, lakin kifayət qədər gəlirli olan sahələrə istiqamətlənməsi də məqsədəuyğundur. Kənd yerlərində yaşayanlar isə ailə-fermer təsərrüfatlarını qura bilərlər. Buna hazırda dövlətimiz də çox ciddi dəstək verir.
Qəhrəmanlığı ilə dünyaya səs salan qalib veteranlarımız Vətən qarşısında borcunu artıqlaması ilə ödəyiblər. Azərbaycanımız üçün yeni təhdidlər yaranarsa, onların yenə də eyni fədakarlığı göstərəcəyinə heç bir şübhəmiz yoxdur, cünki 1990-cı illərdə döyüşənlərin bir çoxunun 2020-ci ildə yenidən səngərdə olduqlarını müşahidə etdik.
Cəmiyyətimizin ən faydalı insanlarından olan veteranlarımız ən qısa müddətdə cəmiyyətimizə inteqrasiya etməlidirlər. Aidiyyəti qurumlarımız da buna tam dəstək verməlidir. Veteranlarımız mümkün olduğu halda digər yoldaşları ilə birləşib, daha ciddi işlər görməlidirlər. Müharibədə olduğu kimi veteranlarımızın Azərbaycanın inkişafı naminə fəal əməklə məşğul olacaqlarına, çalışdıqları sahələrdə isə digər vətəndaşlarımıza nümunə olacaqlarına tam əminəm.
Ədalət Verdiyev, hərbi ekspert