AZ   |   RU
Canlı yayındakı “cansız” adam – Paşinyanın gözə kül üfürmək cəhdi

Danışır məğlub ölkənin baş naziri! 

Dünən sosial şəbəkədən canlı yayımla sualları cavablandıran Ermənistan Baş Naziri Nikol Paşinyanın dediklərindən çıxarılacaq yeganə nəticə budur. Məğlub ölkənin başçısı məhz belə danışmalı idi. Əslində bir siyasi xadim üçün şərhsiz və yenə də gülüş, istehza doğuran açıqlamalar idi. Paşinyan sadəcə olaraq bir daha təsdiqləyirdi ki, məhz onun əli ilə uçuruma yuvarlanmış ölkəsi bu dəfə birbaşa  məhvə doğru gedir. Daha lakonik desək, hazırda Ermənistan davamlı məğlubiyyət uğrunda mübarizə aparır. Nikol Paşinyan qəti şəkildə Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasının əleyhinə olduqlarını bəyan etdi. Fikirlərini əsaslandırmağa çalışarkən, gah döyüldüklərini, gah da məcbur edildiklərini bildirdi.  

Sitat: “Bizi davamlı döyür və “Zəngəzur dəhlizi” haqda deyirlər. Deyirlər ki, xoşluqla verməsəniz, zorla alacağıq. Və ölkənin içindən, daxildən də təzyiqlə üzləşirik ki, əgər güc tətbiq ediləcəksə, öz xoşumuzla verək. Biz indi xalqa nə deyək? Deyək ki, əziz xalq, gəlin dəhlizi verək?” - sitatın sonu.

Təbii ki, bu publikaya oynamaq üçün istifadə olunmuş ifadələrdir. Aydın hiss olunur ki, məlum bəyanat imzalananda Paşinyan həqiqətən harda olub, stolun altına girib, yoxsa, zirzəmidə qaranlıqda imzalayıb, heç özü də bilmir. Görünən odur ki,  sözügedən bəyanat hələ yenicə incələnir, əsl adı “kapitulyasiya aktı” olan bu sənədin hər bir bəndi Ermənistan adlı dövlətin biyabrçı məğlubiyyətə düçar olduğunu bir daha xatırladır. Diqqət edək. Əsas gətirilir ki, üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməmişdir. Amma Paşinyan unudur ki, bununla bərabər, həmin bənddə maneəsiz hərəkət ifadəsi yer alıb ki, bu da nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur. 

Paşinyan iddia edir ki, dəhliz ifadəsi “Laçın koridoru”na münasibətdə işlədilib. Amma o bununla yaddan çıxarır ki,  “Laçın koridoru” ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur. Digər tərəfdən əgər Ermənistan “Laçın dəhlizi”ndən istifadə edirsə, bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Əgər hər iki tərəf linqivistik barrikada qurmaqla məşğul olacaqsa, onda regionda kommunikasiyaların açılmasında hər hansı irəliləyiş olmayacaq, axı. Çox qəliz və Paşinyanın anlaya, anlada bilməyəcəyi məsələlərdir. Bu sənədə məlum imzaların atdırılması tam qalibiyyətə köklənmiş iradənin, misilsiz zəkanın məhsuludur. İmzasının hökmünü sübuta yetirib bənd-bənd həyata keçirmək isə bir şərəf məsələsidir. Bu zəkanın sahibinin də, bütöv bir xalqın şərəfinin qorunması üçün dünyanı qarşısına alan liderin də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olduğunu hamı bilir. 

Dediyi hər sözlə ümumi erməni xislətini ortaya qoyan Paşinyan iddia edir ki, 9 noyabrda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmamasının səbəbkarı o deyil. Halbuki, artıq Rusiya mənbələri də təsdiq ediblər ki, görüşün baş tutmamasının səbəbkarı məhz Paşinyandır. Diplomatik mənbələr təsdiq edirlər ki, Ermənistan tərəfi tədbirə bir gün qalmış hər hansı səbəb göstərmədən tədbirə qatılmaqdan imtina edib. Rusiya tərəfinin təklifi ilə tərəflər arasında 9 noyabr görüşünün yekun bəyanatı da hazırlanırdı. O bu addımı ilə Rusiyaya hörmətsizliyini növbəti dəfə nümayiş etdirmiş oldu. Bunun ardınca Paşinyan üçtərəfli görüşün Brüsseldə keçirilməsi üçün Avropa İttifaqına müraciət etdi və nəticə etibarilə, Rusiyanı çıxılmaz və pərt olmuş durumda qoydu.

Paşinyan Rusiyaya hörmətlə yanaşdığını və ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyətində olmadığını desə də, 16 noyabr təxribatını törədən zaman Ermənistanın rəsmiləri NATO, Avropa İttifaqı və digər qurumlara müraciət edərək məgər Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını təhqir etmədilərmi? Paşinyanın Avropa İttifaqı ilə sövdələşməyə gedərək 15 dekabr Brüssel görüşünü təşkil etməsini isə yəqin ki, Moskvada yaxşı başa düşürlər.

Bütün açıqlamalarında gah nala gah mıxa vuran tanıdığımız kloun ağılsız şərhləri ilə hərdən özü bilmədən həqiqəti də söyləyirdi. 

Məsələn, Paşinyan xəritələrin çox olduğunu özü etiraf edir və hətta onları şəkilli kağız adlandırdı. Bununla da o, Azərbaycanın tezisini təsdiq edirdi ki, Ermənistan-Azərbaycan sərhədləri, xüsusilə sərhədin Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətləri ilə bağlı vahid xəritə yoxdur.
 Onda hansı əsasla Ermənistan Azərbaycan qoşunlarının Ermənistan ərazisində olduğunu iddia edir? 

Beləliklə, məğlub baş nazir başından böyük danışmaq istəsə də, hətta öz xalqı belə onun “ağıllı” çıxışına “gözümüzə kül üfürmə!” damğasını yapışdırdı. 

O ki qaldı görüşə. Çətindir, ağırdır, bunu hamı, dünya bilir, Paşinyan! Daha “Nə oldu, Paşinyan” demirik, “Olan oldu artıq, Paşinyan, deyirik...” Sən istəsən də, istəməsən də, xoşluqla olmasa, zorla, ama  Zəngəzur DƏHLİZİ açılacaq!

Lamiyə Rövşənqızı 
Missiya.Az


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.4. (ictimai və dövlət maraqlarının müdafiəsi) hazırlanmışdır.   

  • 25-11-2021, 09:50