AZ   |   RU
İlham Əliyevin müsahibəsindəki qlobal güclərə çağırış - Dünya apokalipsisdən yan qaça biləcəkmi?

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə regional məsələlərlə yanaşı bir sıra qlobal əhəmiyyətli proseslər barədə də fikirlərini açıqlayıb. Özü də kifayət qədər açıq şəkildə. Onun fikirlərində həm də qlobal güclərə ünvanlanan çağırışları da sezmək çətin deyil. Məsələn, İlham Əliyevin ehtimal olunan Rusiya- NATO açıq müharibəsi ilə bağlı suala verdiyi cavabın təhlili göstərir ki, cənab prezident qlobal güclərə, dolayısı ilə də olsa “ durun, əl saxlayın” deməyə çalışıb. Hər halda onun ehtimal olunan müharibənin nəticələrinin dünyanın sonunu gətirəcəyi ilə bağlı dedikləri indiyədək bu qəbildən olan suallara verilmiş cavablar içində təhlükənin miqyasını aydın şəkildə anladan ən tutarlı cavab hesab edə bilərik. Cavaba diqqət edək:


“Mən yenə də ümidvar olduğumu bildirmək istəyirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq. Birincisi, ona görə ki, hamı, bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin”. 


Apokalipsis. Aydındır ki, təsadüfi seçilmiş ifadə deyil. Azərbaycan Prezidenti həm NATO-nun, həm də təbii ki, Rusiyanın hərbi potensialını dəqiq hesablayaraq müharibənin gözlənilən nəticələrini apokalipsislə eyniləşdirir. Yəni demək istəyir ki, bu, dünyanın sonu ola bilər. Doğrudan da, təsəvvür edəndə ki, tərəflər son nəticədə nüvə silahına da əl ata bilərlər ki, bu barədə mesajlar da artıq çoxdandır havada uçuşurlar, bu halda doğrudan da dünya məhvə sürüklənə bilər. 


Bəli, dəqiq ifadə, dəqiq hesablamadır: Rusiya-NATO müharibəsi doğrudan da qlobal apokalipsislə nəticələnəcək. Ümid edək ki, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin. 


Nicat Dağlar
Missiya.Az



  • Dünən, 11:01