AZ   |   RU
“Ermənilərlə yeni müharibə hər an başlaya bilər” – Sensasion iddia


"Ermənistan revanşist müharibəyə hazırlaşmaq üçün vaxt udmağa çalışır. Bilirsiniz, nə konstitusiya dəyişikliyi, nə imzalanmış hər hansı sülh müqaviləsi, beynəlxalq öhdəlik sülhə təminat verir, əgər arxasında səmimi niyyət və xalqın iradəsi dayanmırsa... Ukrayna ilə Rusiya arasında qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasına, dostluq və əməkdaşlığa dair sazişlər, Budapeşt memorandumu var idi. Sülhün təminatı sənin güclü müttəfiqlərinin, güclü ordunun, güclü iqtisadiyyatının, daxildə vətəndaş həmrəyliyi və milli birliyin olmasıdır ki, təhlükə olduğu təqdirdə, xalq bir yumruq kimi birləşə bilsin. Ermənistan müharibə etmək istəsə, iddia edəcək ki, Azərbaycan atəşkəsi pozdu və hücuma keçəcək. Sülh sazişinin arxasında xalqların iradəsi dayanmalı, bütün sahələrdə əməkdaşlıq olmalıdır”.


Missiya.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev “ Yeni Müsavat” qəzetinə müsahibəsində deyib. 


Q.Həsənquliyev hesab edir ki, Ermənistanla Azərbaycan arasında yeni savaşın başlama ehtimalı böyükdür: “Ermənistan inanır ki, Rusiya Ukraynada kollektiv Qərbə qalib gələ bilməyəcək və dövlət olaraq çökəcək, ola bilsin parçalanacaq. Hesab edirlər ki, bundan əlavə, Qərb Türkiyənin neytrallığını Birinci Qarabağ savaşında olduğu kimi təmin edəcək və müharibədə qalib gəlmiş Qərb bizi Rusiyanın müttəfiqi və məğlub düşərgənin təmsilçisi kimi Rusiya ilə birlikdə cəzalandıracaq”- deyə, Q.Həsənquliyev qeyd edib.


 Partiya sədri daha sonra əlavə edib ki, Ermənistan revanşist müharibəyə hazırlaşmaq üçün vaxt udmağa çalışır və hər gün deyir ki, sülh sazişi imzalamağa hazırdır. “Bu yolla həm də Azərbaycanı beynəlxalq birliyə “aqressiv tərəf” kimi təqdim etmək istəyirlər. Sabah Qərbdən Ermənistana tapşırıq gəlsə ki, “müharibəyə başla”, o zaman beynəlxalq birlik hərbi əməliyyatlara görə Ermənistanı ittiham etməsin, desinlər “ermənilər sülh tərəfdarıdır, müharibəni istəyən Azərbaycan idi”. Hazırda Ermənistan Qərbin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsinə çalışır” deyə, Həsənquliyev fikrini yekunlaşdırıb. 


Elcan
Missiya.Az



  • 13-12-2024, 12:05