AZ   |   RU
İş yerlərində sınaq müddəti nə qədər olmalıdır? - AÇIQLAMA


Bir çox insanlar var ki, onlar çalışdıqları iş yerlərində öz hüquqlarını bilmirlər. Bəziləri isə məlumatlı olsalar belə, lakin işəgötürənlər Əmək Məcəlləsinin qaydalarına riayət etmir. Əsasən də əksər yeni işə başlayanları “sınaq müddəti nə qədər olacaq?” sualı maraqlandırır.

İnsan Resursları üzrə mütəxəssis (HR) Röyal Əhmədov Missiya.Az-a açıqlamasında deyib ki, sınaq müddəti şirkət tərəfindən işçiyə əmək müqaviləsi əsasında öz peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə təyin olunur:

“Əmək məcəlləsinin 51-ci maddəsinə əsasən 6 aya qədər olan əmək müqavilələrində sınaq müddəti iki həftə - 14 gündən çox ola bilməz. 6 aydan yuxarı əmək müqavilələrində isə sınaq müddəti maksimum 3 aya qədər müəyyənləşdirilib. Sınaq müddəti faktiki şəkildə əmək funksiyasının yerinə yetirildiyi iş vaxtını əhatə edir. İşçi əmək qabiliyyətini itirərsə onun iş yeri, orta aylıq əmək haqqı saxlanılmaqla işdə olmadığı zamanda sınaq müddəti təyin olunmur. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi bağlanarsa qurum tərəfindən həmin müqavilə sınaq müddəti müəyyən edilməmiş müqavilə sayılır”.

Röyal Əhmədovun sözlərinə görə, Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən bəzi kateqoriyaya aid işçilər var ki, onlarla əmək müqaviləsi bağlanarkən sınaq müddəti təyin olunmur:

“Məsələn yaşı 18-dən aşağı şəxslərə, müsabiqə yolu ilə müvafiq vəzifə tutanlara, hamilə və ya 3 yaşına çatmamış uşağı olan xanımlara, habelə 3 yaşadək uşağı tək başına böyüdən kişilərə, ödənişli seçkili vəzifələrə seçilmiş şəxslərə, 2 ayadək əmək müqaviləsi bağlamış insanlara şamil edilmir və yaxud da tərəflərin razılığı ilə müəyyən olunmuş digər hallar. Sözügedən hallarda işçi və şirkət arasında əmək müqaviləsi bağlanarkən sınaq müddəti təyin edilmir”.


HR mütəxəssisi vurğulayıb ki, işəgötürən və işçi arasında bağlanmış əmək müqaviləsində təyin edilmiş sınaq müddətinin bitmə prosesi əmək məcəlləsinin 53-cü maddəsi ilə tənzimlənir:

“Sınaq müddəti qurtarmasına 3 gün qalmış ya şirkət, ya da işçi tərəfindən yazılı şəkildə qarşı tərəfdən digər tərəfə xəbərdarlıq olunmalıdır. Əgər həmin müddət ərzində məlumat verilməyibsə, işçi sınaq müddətindən çıxmış hesab edilir. Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda və bu səbəbdən işəgötürən tərəfdən əmək müqaviləsinə xitam verilməsi baş verərsə, mütləq qaydada şirkət bunu əsaslandırmalıdır. Hansı səbəbdən işçini işə götürmədiyi işəgötürənin əmri vasitəsilə əsaslandırılmalıdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndi ilə artıq əsaslandırılmış həmin proses işçini 70-ci maddənin d bəndi ilə işəgötürən işdən xaric edə bilər”.


Zərintac Mayisqızı
Missiya.Az




  • 10-12-2024, 10:20