Paytaxtın Xətai rayonunda 116 və 257 nömrəli körpələr evi-uşaq bağçaları əsaslı təmirdən sonra istifadəyə verilib.
Missiya.Az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə həmin bağçalarla yaxından tanış olublar.
Tədbirdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən birinin məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılmasından ibarət olduğu nəzərə çatdırılıb. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində məktəbəqədər təhsil müəssisələrinin təmir-tikinti işlərinin davamlı olaraq həyata keçirildiyi vurğulanıb.
Qeyd edək ki, yeni istifadəyə verilən 116 nömrəli körpələr evi-uşaq bağçasında 4, 257 nömrəli körpələr evi-uşaq bağçasında isə 12 qrup fəaliyyət göstərir. Ümumilikdə 2 uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 34 tərbiyəçi, 20 texniki işçi məşğul olur. BŞTİ-nin tabeliyində 342 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 33 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri görülməkdədir. Sabunçu rayonu 347 nömrəli uşaq bağçası, Xətai rayonu 116 və 257 nömrəli uşaq bağçaları, Yasamal rayonu 99 nömrəli uşaq bağçası, Binəqədi rayonu 348 nömrəli uşaq bağçasında əsaslı təmir-tikinti işləri yekunlaşıb və açılışa hazırdır.
Zərintac Mayisqızı
Missiya.Az