AZ   |   RU
FHN qanunsuz tikililəri hansı halda sökə bilər? - AÇIQLAMA

 

Fövqəladə Hallar Nazirliyi son aylar tez-tez qanunsuz tikililərin sökülməsi ilə bağlı məlumat yayır.  Bu gün də Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gədəbəydə qanunsuz tikilini söküb. Bəs maraqlıdır, FHN qanunsuz tikililəri hansı halda sökə bilər?


Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə müraciət etdik.


FHN rəsmisi Missiya.Az-a açıqlamasında bildirib ki, tikinti obyektlərinin sökülməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsi ilə tənzimlənir. 


“Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsinin sökülməsi üçün əsaslar və sökülmə qaydası isə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmişdir”.


Vəkil Bəhruz Orucov isə qeyd edib ki, tikintilərlə bağlı monitorinq aparılır. Əsasən, qanunsuz tikilinin aşkar edilməsi icra hakimiyyətinin səlahiyyətlərində olan məsələdir: 


“Bununla bağlı Daxili İşlər Nazirliyinin yerli struktur bölmələri də qanunsuz tikilini aşkar edib icra hakimiyyəti orqanlarına məlumat verə bilərlər. Əgər tikilinin qanunsuz olması ilə bağlı kifayət qədər əsaslar varsa, yəni şəxs sərəncam almadan, müvafiq sənədləşmə aparmadan tikibsə, o zaman qanunsuz tikilməsi ilə bağlı müəyyən tədbirlər görülə bilər. Fövqəladə Hallar Nazirliyi də monitorinq keçirib hər hansı ərazisə qanunsuz tikili aşkar edən zaman bununla bağlı İcra hakimiyyətinə rəsmi məktub yazaraq müraciət edə bilər, lakin birbaşa sökmə səlahiyyətinə sahib deyil, proses yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilir. FHN adından göründüyü kimi tikinti normaları yanğına, uçquna, digər fövqəladə hadisələrə səbəb və şərait yaradacağı təqdirdə bununla bağlı rəy verir”.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 26-07-2024, 15:34