AZ   |   RU
Tehranın Azərbaycana qarşı məkirli oyunları: Bakının cavabı daha da sərtləşə bilər - ŞƏRH

Son günlər Gorus-Qafan yolunda baş verənlər bir daha sübut edir ki, Azərbaycan Vətən Müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Amma bəzi regional və qlobal güclər bunu qəbul etmək istəmir, müharibədən sonra Azərbaycan-Ermənistan dövlət sərhəddində başlayan delmitasiya prosesinin ləngiməsi üçün süni əngəllər yaratmağa çalışırlar. 
 
Azərbaycan mehriban qonşuluq siyasətinə sadiq qalsa da, bəzi qonşularımız rəsmi Bakının sülhpərvər addımlarını görməzdən gəlir, ölkəmizin milli maraqlarını təhdid edirlər.
 
Məsələn, İran İslam Respublikası dildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, əməldə tam əksini göstərir və hətta rəsmi sənədlərdə Xankəndini Ermənistan ərazisi kimi təqdim edir. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunun 21 kilometrlik hissəsinin rəsmi şəkildə Azərbaycana aid olduğunu bəyan etsə də, İran öz əməllərindən geri çəkilmir.
 
Bir neçə gün əvvəl İranın yük maşınlarının beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi qəbul edilən və hazırda müvəqqəti olaraq Rusiya sülhməramlılarının yerləşdirildiyi Qarabağ bölgəsinə qanunsuz yük daşıdığını əks etdirən təkzibolunmaz videogörüntülər ortaya çıxdı. Həmin görüntülərdən aydın olur ki, İrandan gələn yük maşınlarının sonradan erməni nömrəsi taxaraq, Laçın dəhlizindən keçməklə Xankəndiyə gedir. 11 avqust - 10 sentyabr tarixlərində İrana məxsus 58 yük maşınının qanunsuz olaraq Qarabağa daxil olduğu, onlardan 55-nin geri qayıtdığı, 3 yük maşınının isə hələ də Xankəndidə olduğu haqda məlumatlar var. Bu faktları təkzib etmək mümkün deyil. İran rəsmiləri görüntülərə aydınlıq gətirməkdənsə, Azərbaycan və Türkiyənin Xəzər dənizində keçirdiyi birgə təlimlərə sərt reaksiya verməyi daha üstün tutur.

İranın bu susqunluğunun yalnız bir səbəbi var: Rəsmi Tehran Xankəndiyə daşınan yüklərlə və Xankəndini rəsmi sənədlərdə Ermənistan ərazisi kimi göstərməsinə əsaslandırılmış cavab verməkdə çətinlik çəkir. Çünki bu faktlar rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almasına dəlalət edir.
 
İran uzun illər Azərbaycana qarşı ikibaşlı siyasət yeritdiyi halda, bəs rəsmi Bakı Tehrana necə münasibət bəsləyib? Azərbaycan Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə də, münaqişə həll olunduqdan sonra da, beynəlxalq hüquqa hörmətlə yanaşıb, qonşu dövlətlərdən heç birinin daxili işlərinə qarşımayıb və qonşulara qarşı təmkinli siyasət yürüb. Məsələn, Prezident İlham Əliyev İran İslam Respublikası ilə bağlı həmişə müsbət fikirlər səsləndirib, işğaldan azad olunan Cəbrayıl rayonun Xudafərin kəndinə səfəri zamanı Azərbaycan-İran sərhəddini “dostluq sərhədi” adlandırıb.
 

Prezidentdən sitat: "Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi tam bərpa edilib, işğal altında olmuş 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Bu hərbi hissənin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Bütün sərhəd boyunca - həm Azərbaycan-İran, həm Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır. Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçün də çox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz var və bu, sözün əsl mənasında, dostluq, əməkdaşlıq sərhədidir. Hər iki ölkənin sərhəddən keçən vətəndaşları bundan faydalanırlar. Eyni zamanda, ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir. Buraya yaxın məsafədə yerləşən Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir", - sitatın sonu.

Prezident İlham Əliyev “CNN Türk” kanalına müsahibəsində rəsmi Tehranla əlaqələrdən danışarkən qeyd etmişdi ki, İranda indi yeni rəhbərlik hakimiyyətə gəlib və hazırda onların bölgə ilə bağlı siyasəti formalaşmaqdadır.
 
Prezidentdən sitat: “...Bu ölkədə indi yeni rəhbərlik hakimiyyətə gəlib. Onların bölgə ilə bağlı siyasəti formalaşmaqdadır. Hələ ki, təyinatlar olmayıb. Əlbəttə ki, həm Azərbaycanla, həm də qonşu ölkələrlə bağlı ilkin bəyanatlar müsbətdir. Ancaq əlbəttə, vaxt lazımdır ki, yeni rəhbərlik bu məsələ və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoysun. Biz bunu gözləyirik”, – sitatın sonu.
 
Ölkə başçısı bütün dövrlərdə ABŞ və müttəfiqlərinin İrana qarşı apardığı sankisya siyasətinə mənfi yanaşıb. Dünya gücləri rəsmi Tehranla əməkdaşlığa qarşı çıxdığı halda, Bakı mehriban qonşuluq siyasəti yeridib və iqtisadi əlaqələr qurmaqda maraqlı olub. Həmçinin ölkə başçısı beynəlxalq güclərin Azərbaycan ərazisinin İrana qarşı poliqon kimi istifadə etməsinə imkan verməyib.
 
Son günlər xüsusilə Gorus-Qafan yolunda baş verənlərdən sonra bir daha aydın olur ki, İranın Qarabağla bağlı mövqeyində ziddiyyətlər göründüyündən də dərindir.
 
Sual olunur: İran rəsmiləri hansı əsasla Qarabağa göndərilən qanunsuz yüklərə verdiyi göndəriş sənədinə “Armenia, Stepanakert” yazır? Axı, beynəlxalq aləm, siyasi təşkilatlar, hətta İranın özü belə Qarabağı Azərbaycan ərazisi kimi tanıyır!

Son proseslər göstərir ki, İran Azərbaycanın ərazi böyövlüyünü yalnız dildə tanıyır, əməldə isə öz maraqlarına uyğun davranır.

Əgər İran Azərbaycanın Vətən Mühribəsindəki qələbəsini həzm edə bilmirsə, regionda yaranan yeni reallıqları qəbul etmirsə, ərazi bütövlüyümüzü rəsmi sənədlərə şübhə altına alırsa, niyə rəsmi Bakı İranın bu addımlarına sərt reaksiya verməməlidir?
 

Təbii ki, Azərbaycan sərhədləri daxilində baş verən qanunsuzluğa və pozuntulara adekvat reaksiya verir. Ötən gün Xankəndiyə qanunsuz yük daşıyan 2 iranlı sürücünün həbs edilməsi, hələ Azərbaycanın ərazi bütövlüyünə edilən hörmətsizliyə göstərdiyi ən yumşaq reaksiyadır. Çox ehtimal ki, bundan sonra İranın Qarabağla bağlı həyata keçirdiyi ziddiyyətli siyasətə daha sərt cavab veriləcək. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, Xankəndi və ətrafındakı müəyyən bölgələrə müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirilsə də, ora Azərbaycan ərazisidir və həmin bölgəyə səfərlər, yükdaşıma ölkəmizin qanunlarına uyğun, icazə ilə həyata keçirilməlidir.
 
İranlı sürücülərin həbs olunması, həm rəsmi Tehrana, həm də Qarabağla bağlı ikibaşlı siyasət yürüdən, vaxtaşırı olaraq “status” məsələsini gündəmə gətirən, “münaqişə bitməyib” kimi sərsəm ifadələr səsləndirən regional və qlobal oyunçulara açıq mesajdır. Bakı mesaj göndərir ki, Rusiya sülhməramlılarının yerləşdirildiyi Xankəndi və ətrafındakı müəyyən ərazilər Azərbaycanın müvafiq orqanlarının vizual nəzarətindədir və baş verən bütün neqativ hallardan xəbərdarıq. Bu, həm də bölgədə yerləşən və vaxtaşırı müəyyən təxribatçı fəalliyyətləri ilə gündəmə gələn Rusiya sülhməramlılarına açıq mesajdır: Fəaliyyətinizi üçtərəfli bəyanatla uyğun davam etdirin!


Ölkə başçısı İlham Əliyev də “Laçın dəhlizi”nin və sülhməramlıların yerləşdirildiyi ərazilərin Azərbaycanın vizual nəzarətində olduğunu, “Laçın dəhlizin”dən gündə nə qədər avtomobilin keçdiyini bildiklərini açıqlamışdı.
 
Prezidentdən sitat: "İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır - 25 min maksimum. Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur”, - sitatın sonu.

Azərbaycanın Gorus-Qafan yolunu nəzarətə götürməsi və ardından Xankəndiyə qanunsuz yük daşayan iranlı sürücülərə qarşı görülən hüquqi tədbirlər bir daha göstərir ki, Prezident İlham Əliyev heç bir sözü boşuna demir. Ölkə başçısı vaxtarışı verdiyi dostluq mesajları ilə ölkəmizə qarşı qurulan məkirli əməllərə son qoymağa çağırır. Dostluq mesajını qəbul etməyənlərə, öz ikibaşlı siyasətini davam etdirlənlərə isə layiqli cavab verilir.
 
Bu bir daha göstərir ki, Prezident üçün Azərbaycanın milli maraqları hər şeydən önəmlidir və təhlükəsizliyimizə təhdid yaradan, ərazi bütövlüyümüzə hörmətsizlik edənlərə qarşı adekvat və sərt cavab veriləcək. Həmçinin Vətən Müharibəsindən sonra regionda yeni reallıqları Azərbaycan diktə edir, regional güclər Bakı ilə hesablaşmağa, ərazi bütövlüyümüzə əməldə hörmət etməyə məcburdur.

Elvin Məmmədov
Missiya.Az



Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.4. istiqaməti üzrə (ictimai və dövlət maraqlarının müdafiəsi) hazırlanmışdır.   


  • 16-09-2021, 15:55