AZ   |   RU
ADPU-da iki yeni mərkəz yaradıldı - Qərbi Azərbaycan və Turançılıq ideyaları dərinləşir


Azərbaycan Dövlət Pedaqoji Universitetində “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi” və “Türkoloji Mərkəz”in açılışı olub, habelə “Qərbi Azərbaycan-yurd yerimiz” adlı konfrans keçirilib.

Missiya.Az xəbər verir ki, tədbirdə millət vəkilləri, universtitetin professorları, müəllimləri, tələbələri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları çıxışlarında Qərbi Azərbaycandan, eləcə də bu ərazilərin həm etnik tərkibinə, həm toponimlər, həm də mədəni irsinə görə doğma, tarixi torpaqlarımız olduğunu bir daha vurğulayıblar. O da bildirilib ki, ermənilər yüzlərlə abidəmizi yer üzündən silib, neçə-neçə abidənin adını dəyişdiriblər.

"Qərbi Azərbaycan İcması"nın sədri Əziz Ələkbərli Missiya.Az-a açıqlamasında deyib ki, icma 1 il yarımdır yaranıb və bu müddət ərzində böyük işlər görüb. Kollektiv Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əlindən gələni edib.

Azərbaycan Dövlət Pedaqoji universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova da açıqlama verərək bildirib ki, 100 yaşı tamam olmuş bu ali təhsil ocağında günün tələblərinə cavab verən iki böyük mərkəzin açılışı qürurverici haldır.

Qeyd edək ki, sözügedən mərkəzlər vasitəsilə müxtəlif toponimlər, etnoqrafiya, kulinariya, adət-ənənə, tarix, ədəbiyyat, folklor nümunələri və s. araşdırılaraq, hamısı elm aləminə və dünya ictimaiyyətinə çatdırılacaq.



Zərintac Mayisqızı
Missiya.Az






  • 1-03-2024, 17:36