AZ   |   RU
İsveç saytında Xocalı soyqırımı haqqında məqalə dərc edilib


“Diplomatic World Sweden” saytında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynovun Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş məqaləsi dərc edilib.



Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb” başlıqlı məqalədə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsindən, Ermənistan silahlı qüvvələrinin ötən əsrin 90-cı illərinin əvvəllərində həyata keçirdiyi etnik təmizləmədən və 613 nəfərin ölümünə səbəb olmuş Xocalı soyqırımından bəhs edilir.


Müəllif 1992-ci ildə Qarabağdakı separatçı rejimin silahlı qüvvələrinin komandanı olmuş Serj Sarkisyanın 2000-ci ilin dekabrında britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibəni xatırladıb, həmin müsahibədən sitat gətirib: “Xocalı hadisəsindən əvvəl azərbaycanlılar bizim onlarla zarafat etdiyimizi düşünürdülər, ermənilərin dinc sakinlərə əl qaldıra bilməyəcəklərini zənn edirdilər. Biz bütün bu stereotiplərə son qoymalı idik. Belə də oldu”.


“Xocalı faciəsi jurnalistlər tərəfindən ətraflı səkildə sənədləşdirilib, daha sonra isə bu faciə barədə insan hüquqları təşkilatları, o cümlədən bu cinayəti “Ermənistan və Azərbaycan arasındakı münaqişədə ən böyük qətliam” adlandıran “Human Rights Watch” tərəfindən məlumat verilib”, – V.Hüseynov yazır.


Məqalədə qeyd olunur ki, Xocalı soyqırımının 32-ci ildönümü 2024-cü ildə Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən erməni işğalından azad edilmiş Xocalı şəhərində ilk dəfə olaraq qeyd edilir.


“Diplomatic World Sweden” saytı İsveçdəki diplomatlar, siyasətçilər, diplomatik korpusların və səfirliklərin əməkdaşları üçün işlənərək hazırlanıb. Saytda əsasən müsahibələr, reportajlar, foto və videokontent materialları yerləşdirilir, əsas diqqət isə milli kommersiya şirkətləri, ictimai təşkilatlar və media qurumları ilə ortaqlığa, həmçinin striminq və sosial media platformalarına ayrılır.



  • 26-02-2024, 22:05