Bir neçə gün öncə Almaniyanın Münxen şəhərində keçirilən Təhlükəsizlik Konfransında dünyanın bir çox dövlət və hökümət başçıları, o cümlədən bir sıra dövlətlərin yüksək səviyyəli nümayəndələri təmsil olunurdular. Münxendə təşkil olunan konfransda ölkəmiz üçün diqqətçəkən məqam Azərbaycan prezidenti İlham Əliyevin orada bir sıra rəsmi şəxslərlə keçirdiyi görüşlər idi. Belə görüşlərdən biri də Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan lideri ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş oldu. Görüşdə bir sıra mühüm məsələlər toxunulub və liderlər arasında bundan sonra da danışıqların davam etdirilməsi xüsusi qeyd olunub.
Azərbaycan tərəfi Ermənistan rəhbərliyi ilə hər zaman dialoqun istər Qərb masasında istərsə də, Rusiyada aparılmasına heç bir zaman etirazını bildirməyib. Dövlət başçısının yeganə qəbul etmədiyi dialoq Faransa prezidenti Emmanuel Makronun vasitəsiliyi ilə Bakı və İrəvan arasında danışıqların aparılmasıdır. Çünki İlham Əliyev Fransanın qərəzli mövqe tutaraq, Ermənistanı müdafiə etməsi gələcəkdə Makronun təşəbbüsü ilə hər hansısa görüşün baş tutması ehtimalını minimuma endirdi. Amma Fransa liderindən fərqli olaraq, Şoltsun təşəbbüsü ilə baş tutan liderlərin görüşünü müsbət qiymətləndirmək olar.
Münxen görüşündən belə qənaətə gələ bilərik ki, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın hər iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirməsi və yaxın zamanda yenidən görüşmək tapşırığı verməsi danışıqların yumşaldılmasına xidmət etməlidir.
Məhz bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıqlmasında bildirib ki, yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır. Hazırda Azərbaycan və Ermənsitan arasında aparılan danışıqların əsas mövzusu tərəflər arasında sülh müqaviləsinin bağlanmasıdır. Erməni tərəfi rəsmilər vasitəsilə buna hazır oldugunu bəyan etməsinə baxmayaraq, müsbət nəticəyə doğru real addım atılmayıb. Bu isə regionda hər zaman sabitliyin pozulmasına gətirib çıxara bilər.
Ermənistan hakimiyyəti sülh müqaviləsi ilə bağlı hansısa müsbət fikirlər səsləndirməsinə baxmayaraq, bu gün onların hələ də “Dağlıq Qarabağ” terminlərindən istifadə etməsi və İrəvanda “Artsax” nümayəndəliyinin saxlanılması bir daha sübut edir ki, qarşı tərəf ərazi iddialarından hələ də əl çəkməyib Hətta bu gün Ermənistan mediasına yaxından nəzər salsaq görərik ki, İrəvan tərəfi Qarabağ ərazisini Ermənistanın “işğal” altındakı torpaqları kimi qələmə verir. Bütün bunlar isə Ermənistanın sülh müqaviləsini bağlamaqda maraqlı olmadığını açıq-aydın ortaya qoymuş olur. Ermənistan rəhbərliyinin bu gün qarşısında yalnız bir seçim şansı var ki, o da Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasıdır. Əks təqdirdə bundan ən çox ziyan çəkən yenə qarşı tərəf olacaq. Yaxşı olar ki, Ermənistan hakimiyyəti 44 günlük müharibəsini və antiterror əməliyyatlarını gözlərinin qarşısında canlandırıb bundan nəticə çıxarsın. Onu da dərk etsinlər ki, sülh müqaviləsinin imzalanması Ermənistan iqtisadiyyatının blokadadan çıxarılmasına və ölkənin inkişafına mühüm töhfə verəcək.
Daşqın Həsənov
Missiya.Az