Bakı Dövlət Universitetin akt zalında "Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq" mövzusunda tədbir keçirilib.
Missiya.Az xəbər verir ki, tədbirdə universitetin rektoru Elçin Babayev, dekanlar, müəllim və tələbə heyəti, ictimai şəxslər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlıyıb.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, bu gün Azərbaycan tarixinə ən dəhşətli hadisələrdən biri kimi daxil olmuş Xocalı faciəsindən 32 il ötür.
"Ötən əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 26-da Ermənistanın yeddi min əhalisi olan Xocalı şəhərində törətdiyi terror aktı nəticəsində 603 nəfər öldürüldü. 1000 nəfərdən çox müxtəlif yaşlı insan, dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. Biz Xocalı şəhidlərimizi ehtiramla anır, onlara Allahdan rəhmət diləyirik",-deyə rektor qeyd edib.
Daha sonra tədbirdə Xocalı hadisəsinin canlı şahidi olan şəxslər və onların ailə üzvləri çıxış edib və həmin günün ağrı-acılarından, taleyin amansız oyunundan bəhs ediblər.
Tədbir ədəbi-bədii kompazisiyalar ilə davam etdirilib.
Leyla SƏMƏNDƏR
Missiya.Az