AZ   |   RU
Rus qoşunları sərhədə gəlir: Bakının strateji manevrləri və uzunmüddətli Qarabağ hədəfi

Son günlər Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verən gərginliyin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı müxtəlif analizlər dərc olunur. Bir çox xarici və yerli siyasi analitiklər proseslərin Azərbaycanın siyasi, hərbi və diplomatik qələbəsi ilə yekunlaşacağını düşünür. 

Siyasi analitik Asif Nərimanlı Missiya.Az-a açıqlamasında proseslərin gələcək inkişafı ilə bağlı danışıb. Rusiya prezidenti Vladimir Putinin Azərbaycan-Ermənistan sərhəddində atəşkəs əldə olunduqdan sonra Təhlükəsizlik Şurasının iclasını çağırmasına toxunan Asif Nərimanlı bildirib ki, Putinin atəşkəsə nail olunduqdan dərhal sonra Təhlükəsizlik Şurasının iclasını keçirməsi, Rusiya qoşunlarının Kəlbəcər istiqamətində (Zoddan Xəzinəvara qədər) yerləşdirilməsinə hazırlıq getdiyi ehtimalını önə çıxarır və yaxın günlərdə bunun şahidi ola bilərik.
 
Onun sözlərinə görə, rus qoşunları bölgəyə yerləşdirildikdən sonra tərəflər olduqları mövqelərdə qalacaq. 
 
Sitat: “Sərhəddin Kəlbəcər istiqamətində delimitasiya həyata keçirilir, ardınca müqavilə ilə rəsmiləşdirəcək. Həmçinin Moskva Paşinyanın təklif etdiyi “beynəlxalq müşahidəçilər”in – ABŞ və Fransanın bölgəyə girişinin qarşısını alacaq. Bakı dövlət sərhədini de-fakto və de-yure bərpa edəcək. Bu, İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması deməkdir” – sitatın sonu. 

 Asif Nərimanlı Rusiyanın sərhəddə dayanmaq niyyətinin nədən qaynaqlandığı barədə də danışıb.
 
Sitat: “Açıq qalan sual var: Rusiya sərhəddə dayanmaq istəyi nədən qaynaqlanır? Bu ilin mayında Lavrovun bölgəyə səfəri, ardınca Qaragöl ətrafında bu gün də davam edən gərginliyin başlanması zamanı yazmışdıq: Rusiyaya bölgədə qalmaq üçün uzunmüddətli səbəb lazımdır. Moskva anlayır ki, 30 il ərzində bölgədə təsir rıçağı olaraq istifadə etdiyi Qarabağ məsələsi bitib və bundan yalnız yaxın perspektiv üçün istifadə edə bilər. Həmçinin Moskva başa düşür  ki, Bakı Qarabağa “status” verməyəcək, altına imza atdığı üçtərəfli razılaşmanı icra etməlidir, rus sülhməramlılarının 5 ildən sonra bölgədə qalması sual altındadır. Moskva onu da anlayır ki, geosiyasi dəyişiklikdə Azərbaycan güclü olan tərəfdədir və Bakı-Ankara ikilisi ilə toqquşmaq yox, əməkdaşlıqda fayda var, bu, həm də bölgədə maraqlarını qorumaq baxımından əhəmiyyətlidir” - sitatın sonu. 
 
Siyasi analitik bildirib ki, Rusiya qoşunlarını iki ölkənin sərhədinə çıxarmaqla iki hədəfə nail olur.
 
Sitat: “Ermənistanın əlindən çıxması riskinin qarşısını alır: ruslar üçün Ermənistanda Qərb yox, kommunikasiyanın bərpası, sərhədlərin açılmasından sonra Türkiyə faktoru daha təhlükəlidir. Moskva bölgədə uzunmüddətli təsir rıçağı əldə edir” – sitatın sonu.
 
Asif Nərimanlı proseslərdən Moskvanın qazandığını, Bakının isə öz maraqlarına uyğun manevrlər etdiyini bildirib. 
 
Sitat: “Rusiya qazanan tərəfdir, amma Bakı hansı manevrləri edir?

1. Rusiyanın əli ilə Ermənistan üçün yeni imkanlar aça biləcək “beynəlxalq müşahidəçi” planını sıradan çıxarır;

2. Rusiyanın vasitəçiliyi ilə sərhədlərin delimitasiyasını həyata keçirir; 

3. Rusiyaya bölgədə uzunmüddətli imkanlar açmaqla zamanı çatanda Qarabağdan – Azərbaycanın sərhədləri daxilindən çıxmasına zəmin yaradır;

4. Gərginliyi Azərbaycan daxilindən Ermənistan daxilinə köçürür;” – sitatın sonu.

Politoloq Prezident İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putinin anlaşa bildiyini qeyd edib.
 

Sitat: “Belə görünür ki, Əliyevlə Putin anlaşa bilib. Əliyevin Xankəndi, Xocalı və Xocavənd məsələsini rəsmi şəkildə bitirən fərmanı imzaladıqdan sonra Moskvaya getməsi və ardınca baş verənlər də bu ehtimalı gücləndirir. Bakı Moskvaya tam güvənməyin də yanlış olduğunu bilir və Türkiyə faktorunun oyuna daxil edilməsi həm Qarabağda, həm də sərhəddə mümkün risklərə qarşı hesablanıb” – sitatın sonu. 
 
Missiya.Az

  • 29-07-2021, 11:36