AZ   |   RU
Ermənistanda Rusiya kanallarının yayımına qadağa qoyula bilər

Son iki ay ərzində Ermənistanın Televiziya və Radio Komissiyası Rusiya televiziya kanallarının Ermənistan Respublikası ərazisində yayımı haqqında sazişin müddəalarının iki dəfə pozulması faktını aşkarlayıb. 


Missiya.Az xəbər verir ki, Komissiyanın rəhbəri Tiqran Akopyan bunu noyabrın 2-də Milli Assambleyada daimi parlament komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, yol verilmiş qanun pozuntuları barədə Komissiya tərəfindən xüsusi aktlar tərtib edilərək respublikanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinə göndərilib. “Hökumətlərarası razılaşmaya əsasən, danışıqlar aparan tərəf kimi məhz yüksək texnologiya sənayesi və xarici işlər nazirlikləri çıxış etməlidir”, - deyə Akopyan bildirib.


Struktur rəhbərinin qeyd etdiyi kimi, pozuntular 2022-ci ilin dekabrında, eləcə də 2023-cü ilin sentyabr və oktyabr aylarında qeydə alınıb.

Akopyan qeyd edib ki, o, üç dəfə Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini və Roskomnadzorun nümayəndələri ilə görüşüb. Üstəlik, onlara yol verilmiş qanun pozuntuları haqqında arayışları şəxsən təqdim edib.


Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında `siyasi müstəvidə yaşanan gərginlik fonunda, Rusiya kanallarının pozuntulara yol verməsinin qabardılması heç də təsadüfi görünmür. Bundan əvvəl, ayrı-ayrı deputatlar və ictimaiyyət nümayəndələri Rusiya kanallarının Ermənistan ərazisində yayımının dayandırılması təklifi ilə çıxış etmişdilər. Bütün bunlar isə Rusiya kanallarına Ermənistanda rəsmən qadağa qoyulacağı ehtimalını artırır.


Elcan

Missiya.Az



  • 2-11-2023, 17:17