AZ   |   RU
FHN xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə bağlı tədbir keçirib


Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Fövqəladə hallarla bağlı davranış qaydaları” və “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə 2023-2025-ci illər üçün birgə fəaliyyət planı” mövzularında birgə tədbir keçirib.


FHN-dən Missiya.Az-a verilən xəbərə görə, tədbirdə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının əməkdaşları, Cəlilabad Rayon İcra Hakimiyyətinin, müvafiq idarə və müəssisələrin, eləcə də yerli icra və özünüidarə orqanlarının nümayəndələri və şəhər sakinləri iştirak ediblər. 

Tədbir zamanı meşə və meşəətrafı ərazilərdə mümkün yanğınların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr, eləcə də fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Eyni zamanda, meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi qeyd edilib.

Daha sonra çimərlik üçün nəzərdə tutulmayan kanallar, arxlar, çaylar, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olduğu, həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaratdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda meşə yanğınları, habelə bu kimi yanğınlara səbəb ola bilən qanunsuz kömür istehsalının qarşısının alınması istiqamətində görülən işlərdən bəhs edən fotoslayd və videoçarx nümayiş olunub.



  • 2-09-2023, 13:49