AZ   |   RU
Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi

Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Azərbaycan gəncliyini hər zaman yüksək qiymətləndirən Heydər Əliyev bu sahədə mühüm addımlar atmış, bir sıra qərarlar vermiş, qanunlar qəbul etmişdir.

Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”. 

Gənclər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində gənclərin iştirakı, gənclər təşkilatlarına, gənc ailələrə dövlət yardımı, gənclərin məşğulluğunun təmin edilməsi, sağlamlığının qorunması və fiziki inkişafı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı kimi prinsiplər əsas tutulur. Bu məqsədlə ölkəmizdə bu sahədə silsilə addımlar atıldı. Dövlət gənclər siyasətinin həyata keçirilməsinin hüquqi əsasları təsis olundu. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”,- deyən ulu öndər Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin  həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-cı ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.

Azərbaycan gəncliyi Ulu Öndərin böyük qayğısı və diqqəti sayəsində özünün dinamik inkişaf mərhələsini çox uğurla başa vurdu. Bütün sahələrdə olduğu kimi dövlət gənclər siyasəti də zamanın sınağından qətiyyətlə çıxdı və Azərbaycanın real ictimai həyatında formalaşdı, inkişaf etdi.

Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanda  dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı  qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir. İndi əsas amal bu günə kimi formalaşan gənclər ordusunu heç bir itki vermədən gələcəyə aparmaqdır. Çünki Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabaha – yeni uğurlara imza atmağa daha yaxındır.


Valeh Əmrahov

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami sektorunun əməkdaşı



  • 24-08-2023, 19:07