"Ermənistanın mənfur təcavüzü nəticəsində Xocalı şəhərində bir neçə saat ərzində yüzlərlə mülki şəxs, o cümlədən, 63 uşaq qətlə yetirilib. Münaqişə vaxtı 4000-ə yaxın Azərbaycan vətəndaşının, o cümlədən, 71 uşağın itkin düşməsi erməni vəhşiliyinin miqyasının nə qədər böyük olduğunu sübut edir".
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Nərmin Ahəngəri BMT Təhlükəsizlik Şurasının (TŞ) "Uşaqlar və Silahlı Münaqişələr üzrə Açıq Debatı"nda çıxışı zamanı deyib.
Diplomat bildirib ki, 1990-cı illərin əvvəllərindən başlayaraq Azərbaycana qarşı otuz ilə yaxın davam edən təcavüzü zamanı Ermənistan çoxsaylı hərbi cinayətlər törədib, nəticədə yüzlərlə uşaq da daxil olmaqla, on min mülki şəxs həlak olub, kütləvi etnik təmizləmə aparılıb, məcburi köçkünlük olub. Təcavüzün dağıdıcı təsirlərindən 700-ə yaxın orta məktəb və 800-dən çox məktəbəqədər təhsil müəssisəsi darmadağın edilib.
N.Ahəngəri çıxışı zamanı Ermənistan tərəfindən münaqişə vaxtı əsir götürülən Azərbaycan vətəndaşlarına qarşı törədilən vəhşilikdən də bəhs edib: "Azərbaycanlı əsirlərin əksəriyyəti ağır işgəncələrə məruz qalıb. Onlar döyülüblər, şikəst ediliblər, ac buraxılıblar və təhqirlərə məruz qalıblar. Bu çoxsaylı vəhşiliklərin günahkarları beynəlxalq hüquqa açıq şəkildə məhəl qoymadan cəzasız qalırlar".
O, Ermənistanın beynəlxalq humanitar hüququ pozaraq onilliklər ərzində uşaqların silahlı qüvvələr və qruplar tərəfindən hərbi xidmətə cəlb edilməsini geniş şəkildə tətbiq etməsi barədə də TŞ-ni məlumatlandırıb: "Təəssüf ki, Ermənistanda uşaqların nifrət təbliğatı və azərbaycanlılara qarşı dözümsüzlüyün təbliği üçün istismar edilməsi xüsusi narahatlıq doğurur. Ölkədə uşaqların hərbi xidmətə və hərbi təlimlərə cəlb edilməsi regional səviyyədə sülh və təhlükəsizlik səylərini sarsıdır. BMT-nin və müvafiq qurumların Ermənistanın törətdiyi qanunsuzluqlara görə məsuliyyət daşımasını və uşaqların hərbi xidmətdə qanunsuz istifadəsinə son qoymasını təmin etmək üçün lazımi tədbirlər görməsi vacibdir".
Diplomat qeyd edib ki, münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan Azərbaycan ərazisinə yerləşdirdiyi yüzminlərlə mina haqqında dəqiq və dolğun məlumatı bölüşməkdən imtina edir, bu isə dinc sakinləri öldürməkdə və şikəst etməkdə davam edir. 2020-ci ilin noyabr ayından minaların qurbanı olan 302 Azərbaycan vətəndaşı arasında 10 uşaq və gənc də var.
O, Ermənistan nümayəndə heyətinin saxta bəyanatına da aydınlıq gətirib: "Həmin bəyanatda Laçın-Xankəndi yolunun qondarma "blokadası", elektrik enerjisi və təbii qazın kəsilməsi ilə bağlı yalan iddialar yer alır. Azərbaycan heç vaxt sakinlərin yoldan keçidinə və ondan ərzaq, dərman, eləcə də digər humanitar məqsədlər üçün istifadəsinə, həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin çıxışına əngəl yaratmayıb. Bunu çoxsaylı sənədləşdirilmiş sübutlar da təsdiqləyir".