Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri, əziz Qardaşım!
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Əlcəzair xalqının, hökumətinin adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə daha çox inkişaf, firavanlıq və tərəqqi diləməkdən məmnunluq duyuram.
Ölkənizin tarixində bu əlamətdar hadisənin qeyd edilməsi, Qoşulmama Hərəkatının hazırkı sədri olaraq 2022-ci ilin noyabr ayında Əlcəzairin ev sahibliyi etdiyi Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında fəxri qonaq qismində dəyərli iştirakınız mənə dostluq və əməkdaşlıq münasibətlərimizin dinamizmindən dərin məmnunluğumu ifadə etmək imkanı verir.
Ölkələrimizin ümumi maraqları və qardaş xalqlarımızın istəklərinə xidmət edən əlaqələrimizi möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə Sizinlə əməkdaşlığımızı, həmçinin ümumi maraq kəsb edən məsələlər və dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirə biləcək beynəlxalq forumlarda məsləhətləşmələrimizi davam etdirməyə hazır olduğumu bir daha qeyd etmək istərdim.
Zati-aliləri cənab Prezident, əziz Qardaşım, bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".